Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/
Dünən Həştərxanda beş Xəzəryanı dövlətin - Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan başçılarının bir araya gəldiyi 4-cü Xəzər sammiti keçirildi. Bütün tərəflərin yekdil qənaətinə görə bu sammit dönüş nöqtəsi oldu. Həqiqətən də, dünən heç kimin gözləmədiyi baş verdi - uzun illər sürən danışıqlardan sonra "beşlik" ölkələri dənizin statusu üzrə əsas prinsipləri razılaşdırmağa nail oldular.
Liderlərin sözlərinə görə, tərəflər qarşılıqlı fəaliyyətin prinsipləri barədə razılığa gəliblər və siyasi bəyanat imzalayıblar. Bu bəyanat dənizin statusu haqqında konvensiyanın imzalanacağından xəbər verir. Bu konvensiya Xəzər dənizinin statusunun müəyyən olunması haqqında yekun sənədin təməli olacaq.
Eyni zamanda, "beşlik" liderləri əmindirlər ki, sənədin imzalanması artıq 2016-cı ildə Qazaxıstanda keçiriləcək növbəti sammitdə bütün fikirayrılıqlarının aradan qaldırılmasına nail olmaq deməkdir.
İlkin olaraq, Xəzər dənizinin dövlət suverenliyi və balıq ovu üzrə iki zonaya bölünməsi haqqında razılıq əldə olunub. Lakin on səkkiz illik danışıqlar ərzində əsas məsələ - Xəzər akvatoriyasının, daha dəqiq, şelfin sərhədlərə bölünməsi qalır. Və bu, təəccüblü deyil, axı məhz şelfin bölüşdürülməsi son nəticədə karbohidrogen ehtiyatlarının payını müəyyən edəcək. Xəzər dünyada iri neft və qaz regionlarından biridir və ehtiyatlarına görə yalnız Fars körfəzindən geri qalır.
Bu məsələdə Azərbaycan, Rusiya və Qazaxıstanın mövqeyi üst-üstə düşür, çünki bu ölkələrdən hər biri Xəzərin dibinin 20 faizindən çoxunu əldə edəcək. Azərbaycan, Rusiya və Qazaxıstan liderlərinin bəyanatına əsasən Həştərxandakı zirvə toplantısı sıçrayış oldu. Ehtimal etmək olar ki, ötən görüşdə tərəflər məhz bu məsələni həll etməyə cəhd etdilər və müəyyən irəliləyişə nail oldular.
Prezident İlham Əliyevin zirvənin yekunları üzrə bəyan etdiyi kimi, toplantında "Xəzəryanı dövlətlərin mövqelərinin yaxınlaşmasında" sıçrayış oldu. Deməli, danışıqlar masası arxasında kimsə Xəzərin statusu haqqında məsələnin müzakirəsinin uzanan prosesində irəliləyiş naminə ağıllı kompromisə gedib. Ona görə çox böyük ehtimalla, Xəzərin statusu üzrə əsas məsələlərdə razılaşma regiondakı qarşılıqlı fəaliyyətdə mühüm rol oynayacaq ki, bu da danışıqların bütün iştirakçılarına hiss olunacaq fayda gətirəcək.