...

Avropanın hörümçək toru və ya Torbörn Yaqlandın ziddiyyətləri

Siyasət Materials 4 Noyabr 2014 10:19 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti
Elçin Mehdiyev - Trend:

Bu Avropa institutları düzələn deyil ki, deyil. Ağızlarına nə qədər bal töksən də, elə hey deyirlər zəhərdir. Bilmirsən, Azərbaycanda iki-üç nəfərin əslində pozulmamış hüquqlarının dalınca düşən Avropanın məqsədi nədir? Amma bir onu bilirəm ki, dərdləri insan hüquqları deyil, nədisə öz istəkləridi ki, ala bilməyəndə insan hüquqlarını atırlar ortaya.

Bunun bariz nümunəsi Avropa Şurasının baş katibi Torbörn Yaqlandın yenə xarici KİV-də Azərbaycana daş atmasıdır. Ay Torbörn Yaqland, xahiş minnət elədin, Azərbaycan da sənin bu xahişini nəzərə alıb insan hüquqları üzrə işçi qrupunun fəaliyyətini bərpa etdi, səndə sevincək alqışladın, üstündən bir ay keçməmiş yenə gedib Azərbaycan barədə qeybətə başlamısan, zamana ehtiyac var ki, bir işçi qrupu bir az işləsin, özünü doğrultsun.

Bu, bir daha onu göstərir ki, Avropa institutları Azərbaycanla bağlı səmimi deyil, heç vaxt da olmayıblar. İşləri-gücləri ancaq Azərbaycanda iki-üç agentinin hüquqlarını müdafiə etməkdir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan çox qaçqın və məcburi köçkün kimi problemi qalıb bir qıraqda, Avropa elə hey yapışıb vətənə xəyanət edən, Azərbaycanda sabitliyi pozan, xarici təşkilatlara işləyən bir neçə saxta hüquq müdafiəçisindən.

Hələ ermənilərin Kəlbəcərdə öz doğma torpaqlarına getdiklərinə görə girov götürdükləri azərbaycanlıları demirəm. Görün, Avropa institutları səslərini çıxarırmı? İnsan haqları ilə məşğul olan beynəlxalq qurumların biri bununla bağlı hansısa bir addım atıbmı? Görün, heç Torbörn Yaqland ağzını açıb bu barədə bir kəlmə deyibmi? Neynir, nəyinə lazımdır, bu ki, onun maraqlarına xidmət etmir.

Bəzi Avropa institutları, beynəlxalq təşkilatlar Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasəti kölgə altına almağa çalışırlar. Necə olur ki, bu gün regionda Azərbaycandan çox insan hüquqları sahəsində Avropa ilə əməkdaşlıq edən yoxdur, Azərbaycandan çox Avropa institutlarının tövsiyələrini nəzərə alan yoxdur, amma Avropanın ağzı düzəlmir ki, düzəlmir. Heç düzəlməyəcək də, çünki onlar əslində Azərbaycanın xeyrini deyil, öz maraqlarını güdürlər.

Torbörn Yaqland kimiləri Azərbaycanı hörümçək toru kimi tələyə salıb öz istəklərini həyata keçirməyə çalışırlar. Ancaq buna nail olmayacaqlar. Artıq Azərbaycan o Azərbaycan deyil ki, onu tora sala biləsən.

Azərbaycan kiməsə görə öz milli maraqlarını qurban verən deyil. Qoy Avropa institutları nə qədər qışqırır-qışqırsın. Təki Azərbaycanın bugünkü sabitliyi və inkişafı davam etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti