Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
"Azərbaycan Avropa Şurasının üzvüdür və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Mən Avropa Şurasının baş katibinin Azərbaycanla bağlı belə bir fikirlərinə çox təəssüf edirəm. Azərbaycana qarşı yanaşmada ikili standartlar həyata keçirilir". Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Britaniyanın "The Guardian" qəzetində Azərbaycanda insan haqlarının vəziyyətinə dair tənqidi məqaləsini şərh edərkən bildirib.
Deputat qeyd edib: "Avropa Şurası öncə Azərbaycan hökumətinə təklif edir ki, işçi qrupu yaradılsın. Qrup fəaliyyətə keçəndən sonra Azərbaycanla bağlı belə açıqlamalar verir. Bu mövqe Azərbaycana qarşı təzyiq vasitəsidir və belə mövqe nümayiş etdirmək heç bir məntiqə sığmır. Cənab Yaqland yaxşı bilməlidir ki, Azərbaycanla təzyiq dili ilə danışmaq qəbulolunmazdır".
F.Muradov qeyd edib ki, digər ölkələrdə olan çox ciddi problemlərə göz yumulduğu halda Azərbaycana qarşı belə münasibətin ortaya qoyulması suallar doğurur: "Əgər Azərbaycanla bağlı məsələləri gündəmə gətirmək istəyirlərsə, o zaman işğal altında olan topraqlarımızın məsələsini qabartsınlar, qaçqın və məcburi köçkünlərimizin pozulan hüquqlarının müdafiəsi məsələlərini gündəmə gətirsinlər".