...

Lora Tak nailiyyətləri təqdir etdi

Siyasət Materials 5 Noyabr 2014 19:56 (UTC +04:00)
Ədliyyə naziri Dünya Bankının vitse-prezidenti ilə görüşüb
Lora Tak nailiyyətləri təqdir etdi

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Ölkəmizdə səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Lora Tak "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı layihə çərçivəsində inşa olunmuş Bakı şəhəri Yasamal rayon məhkəməsinin müasir binasında ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı L.Tak dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən qəbul olunmasından məmnunluğunu ifadə edərək ölkəmizin hərtərəfli tərəqqisini, o cümlədən İKT sahəsindəki nailiyyətlərini təqdir edib, ölkəmizdə məhkəmə sisteminin inkişafını qanunun aliliyinin təmin olunması, iqtisadi islahatlar prosesinə müsbət təsiri baxımından yüksək dəyərləndirib, Dünya Bankı və Azərbaycan arasında əməkdaşlığın böyük səmərəsini qeyd edib.

F.Məmmədov Dünya Bankının ölkəmizdə həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarına dəstəyini qeyd edərək ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən layihələrin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, islahatlar nəticəsində məhkəmə sistemi xeyli təkmilləşdirilib, mütərəqqi qanunvericilik və institusional tədbirlər görülüb, yeni məhkəmələr təsis edilib, hakimlərin ən şəffaf seçim qaydası təsbit olunub.

Söhbət zamanı Dünya Bankı ilə birgə həyata keçirilən yeni layihə çərçivəsində müasir məhkəmə və məhkəmə komplekslərinin tikintisi, elektron məhkəmə informasiya sisteminin və digər qabaqcıl İKT-lərin geniş tətbiqi, ədliyyə işçiləri və hakimlərin peşəkarlığının yüksəldilməsi, vətəndaşların geniş hüquqi maarifləndirilməsi və digər tədbirlərin həyata keçiriləcəyi vurğulanıb, birgə səylər nəticəsində bundan sonra da yüksək uğurlar əldə ediləcəyinə əminlik ifadə olunub.

Qonaq, həmçinin Yasamal rayon məhkəməsinin binası ilə tanış olub, orada ədalət mühakiməsinin ən yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür imkanların yaradılmasından, vətəndaşların müraciət imkanlarını asanlaşdıran müasir İKT-lərin tətbiqindən, eləcə də vətəndaşlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsindən, habelə cəmiyyətin həssas təbəqəsi olan əlillərin hüquqlarının təmin olunmasından heyranlığını vurğulayaraq, bu cür şəraitin digər dövlətlərə nümunə olduğunu bildirib.

Qeyd edək ki, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsinə dair birgə layihələr çərçivəsində 30-dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanıb, 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verilib, 8 məhkəmə üçün bina və komplekslərin inşası başa çatmaq üzrədir. Layihənin uğurlu nəticələri Dünya Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaradıb və bu yaxınlarda bank və Azərbaycan hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni daha iri həcmli layihə imzalanaraq onun implementasiyasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti