...

"ABŞ-ın Tehranda ticarət ofisinin açılması İran - "5+1" müzakirələrinin nəticəsindən asılıdır"

Siyasət Materials 11 Noyabr 2014 16:42 (UTC +04:00)
ABŞ-ın Tehranda və İranın ABŞ-da ticarət nümayəndəliklərinin açılması məsələsi İran və "5+1" ölkələrinin müzakirələrinin nəticəsindən asılıdır.
"ABŞ-ın Tehranda ticarət ofisinin açılması İran - "5+1" müzakirələrinin nəticəsindən asılıdır"

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Təmkin Cəfərov/

ABŞ-ın Tehranda və İranın ABŞ-da ticarət nümayəndəliklərinin açılması məsələsi İran və "5+1" ölkələrinin müzakirələrinin nəticəsindən asılıdır. Bu sözləri bu gün Tehranın Beynəlxalq Ticarət Palatasının rəhbəri Məhəmmədrza Səbzəlipur Trend-ə eksklüziv açıqlamasında "The Times" qəzetində Bakıda İran və ABŞ arasında diplomatik əlaqələrin yaradılmasına dair müzakirələrin aparılması ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.

M.Səbzəlipur iki il öncə ABŞ və İran arasında qarşılıqlı ticarət nümayəndəliklərinin açılması ilə bağlı müzakirələr aparıldığını təsdiqləyib: "The Times" qəzetində dərc olunan xəbəri təkzib edirəm. Xüsusilə Bakıda və Prezident Həsən Ruhaninin Azərbaycana səfəri ərəfəsində belə bir görüşün keçirilməsi ilə bağlı olan hissə yalandır. Lakin qeyd etmək istəyirəm ki, iki il öncə mənim başçılığım altında İrandan ABŞ-a nümayəndə heyətlərinin getməsi həqiqətdir və ABŞ-da İran ticarət ofisinin və İranda ABŞ ticarət ofisinin təsis olunması məsələsi bizim gündəliyimizdə olub".

Palata rəhbəri bildirib ki, iki il əvvəl bu məsələ ilə bağlı xəbərlər yayımlanmışdı, lakin ötən günlər ərzində və bu günlərdə bu məsələ ilə bağlı heç bir xəbər yayımlanmayıb: "Ofislərin açılması üçün vaxt təyin olunmayıb və bütün xəbərlər iki il öncəyə aiddir".

O, qeyd edib ki, əgər İran və "5+1" ölkələri uzunmüddətli və hərtərəfli razılıq əldə etməsələr, ABŞ və İranda qarşılıqlı ticarət nümayəndəliklərinin açılması məsələsi baş tutmayacaq.

M.Səbzəlipur əlavə edib ki, iranlı iş adamlarının Birləşmiş Ştatlara səfəri və ABŞ iş adamlarının İrana səfəri Tehran Beynəlxalq Ticarət Palatasının gündəliyindədir və buna zəmin yaranan kimi bu səfərlər baş tutacaq.

O, "The Times" qəzetində dərc olunan məlumatın hansı mənbəyə istinadən və hansı məqsədlərlə yayımlandığını bilmədiyini söyləyib: "The Times" qəzetindən gözləntim budur ki, doğru və etibarlı xəbərləri yayımlasın və şayiələrin yayılmasına zəmin yaratmasın. Düşünürəm bu xəbəri yazan şəxs bir neçə köhnə xəbərlə yeni xəbəri birləşdirib və səhv nəticə çıxardıb".

Qeyd edək ki, noyabrın 10-da "The Times" qəzeti xəbər verdi ki, tərəflər nüvə anlaşmasına yaxındır və bu səbəbdən ABŞ və İran rəsmiləri nüvə anlaşmasının əldə olunmasının ardınca ikitərəfli diplomatik münasibətlərin bərpası məsələsini müzakirə edirlər. Mənbə bildirib ki, Bakı danışıqlarında mövzu ABŞ-ın Tehranda ticarət nümayəndəliyinin açılması barədədir. Adının açıqlanmasını istəməyən İran rəsmiləri qəzetə bildiriblər ki, danışıqların növbəti raundu bu həftə yenidən Bakıda keçiriləcək. Tehranı həmin danışıqlarda M.Səbzəlipur təmsil edəcək.

İran və "5+1" ölkələri bu gün Omanın paytaxtı Məsqətdə 9-cu dövr danışıqlara başlayıblar. Danışıqların məqsədi Cenevrədə imzalanmış sazişin davamı olaraq, İranın nüvə proqramı ilə bağlı noyabrın 24-dək hərtərəfli və uzunmüddətli sazişin imzalanmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti