Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Noyabrın 12-də rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Cənab Prezident, mənə məlumat verildi ki, bu gün Sizin ad gününüzdür. Sizi ad gününüz münasibətilə ürəkdən təbrik edirəm, Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Şadam ki, bu gün Siz bizimlə bərabər Azərbaycandasınız. Bu, Sizin prezident kimi Azərbaycana ilk rəsmi səfərinizdir. Əminəm ki, səfər çox uğurlu keçəcək və ikitərəfli əlaqələrimizə yeni təkan verəcəkdir. Mən də İrana öz rəsmi səfərimi məmnuniyyətlə xatırlayıram. Bu ilin aprel ayında gözəl ölkənizdə oldum, Sizinlə geniş fikir mübadiləsi apardıq, bu gün isə bu dialoq davam etdirilir. Şadam ki, Sizinlə bərabər böyük nümayəndə heyəti Azərbaycana gəlmişdir. Nümayəndə heyətlərinin üzvləri bu gün bir-biri ilə sıx təmasda olacaq və çox önəmli məsələləri də müzakirə edəcəklər".
Prezident bildirib ki, Azərbaycan və İran əlaqələrinin çox gözəl tarixi və gözəl gələcəyi var: "İndi əlaqələrimiz yeni mərhələyə qədəm qoyub. Çox geniş gündəliyimiz var. Siyasi, iqtisadi, mədəni, humanitar məsələləri müzakirə edirik. Əlaqələrimizin təməlində tarixi tellər, ortaq mədəniyyət tarixi dayanır ki, bu da inkişafda olan bugünkü əlaqələrimizin rəmzidir. Mən əminəm ki, bu gün və sabah keçiriləcək danışıqlar, aparılacaq fikir mübadiləsi İran ilə Azərbaycan arasındakı əlaqələri daha da irəliyə aparacaq. Müzakirə ediləsi məsələlər çoxdur.
Bütün məsələlər çox səmimi şəkildə müzakirə olunur. Bizim niyyətimiz də birdir ki, xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxın edək. Bu, bizim əsas məqsədimizdir və bu hədəfə doğru inamla irəliləyirik. Bir daha Sizi ürəkdən salamlayıram. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaq".