...

İranın Azərbaycandan istəkləri

Siyasət Materials 13 Noyabr 2014 01:56 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev-Trend:

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana ilk rəsmi səfəri iki ölkənin mövqelərinin yaxınlaşması üçün yeni bir səhifə açdı. Bulanmış sular duruldu, istəklər deyildi, müzakirələr aparıldı.

Bu səfərin görünən tərəfi odur ki, Həsən Ruhani Azərbaycanla münasibətlərin daha da yaxınlaşmasında istəkli olduğunu açıqca büruzə verdi. Hətta İran Prezidenti bir az da uzağa gedərək "Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur" söyləməklə səmimiyyətini ortaya qoydu.

Əslində, İranın "beyin mərkəzləri" yaxşı anlayırlar ki, Azərbaycansız Qərblə, Avropa ilə normal münasibətlərin qurulması real görünmür. Rəsmi Tehran İrana qarşı sanksiyalar tətbiq ediləndə yanında Azərbaycanın olduğunu unutmayıb. Təsadüfi deyil ki, Həsən Ruhani Bakıda mətbuata bəyanatı zamanı "biz Azərbaycan və Qafqaz vasitəsilə Avropaya birləşmiş olarıq" söylədi. Bu, Azərbaycana bir jest idi. O jest idi ki, İran bəzi regional problemin həllində Azərbaycanı vasitəçi kimi görür. Azərbaycanı özündən uzaqlaşdırıb Avropaya, Qərbə daha yaxın etməsini arzulamır.

Çox güman ki, səfər çərçivəsində İran Azərbaycandan Yaxın Şərq, separatizm, terrorizm məsələsində dəstək istəyib. İrana edilə biləcək təpkilərdən can qurtarmaq üçün Azərbaycandan yardım istənilib. Çünki İran istər Yaxın Şərq probleminin həllində, istərsə də sərhədinin bir addımlığında olan terrorizmlə mübarizədə, nüvə məsələsində digər ölkələrdən istədiyi dəstəyi ala bilməyib. Ona görə də ehtimal edilə bilər ki, müzakirələrdə bu məsələlərin qaldırılması qaçılmaz olub.

Sözsüz, Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. İki ölkənin xalqları əsrlər boyu bərabər yaşayıblar. İran və Azərbaycan xalqları islam aləminə mənsubdurlar. Qarşılıqlı etimad əsasında münasibətləri daha da inkişaf etdirmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti