...

Oqtay Əsədov dövlət büdcəsindən danışdı

Siyasət Materials 18 Noyabr 2014 12:44 (UTC +04:00)
Azərbaycan son 10 ildən artıqdır ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur.
Oqtay Əsədov dövlət büdcəsindən danışdı

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycan son 10 ildən artıqdır ki, inkişaf edən ölkələr sırasında qabaqcıl yerlərdən birini tutur. Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri gələn ilin büdcə zərfində də öz əksini tapıb". Trend-in məlumatına görə, bu barədə Milli Məclisin sədri Oktay Əsədov "Azərbaycan Respublikası 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Spikerin sözlərinə görə, bu ilin 9 ayı ərzində bütövlükdə ölkə iqtisadiyyatında 2,3 faiz artım əldə edilib: "Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ÜDM istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə 3,6 faiz çoxdur. Önəmli məqamlardan biri də odur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək. Cari ilin sonuna qədər isə iqtisadiyyatın bütün sahələrində artım gözlənilir. 2015-ci ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 mlrd. 438 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-ni təşkil etməklə 21 mlrd. 100 mln. manat proqnozlaşdırılır".

O.Əsədov qeyd edib ki, dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 mlrd. 54 mln. manat və ya 5,7% çoxdur: "Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 mlrd. 37 mln. manat və yaxud 5,2% artıqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti