Gürcüstan, Tbilisi, 28 noyabr /Trend, müxbir Nana Kirsxaliya/
Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentarilərinin görüşü keçirilib.
Gürcüstan parlamentinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə parlamentinin Xarici işlər komitəsinin sədri Əhməd Berat Çokar və hər iki parlamentin komitə üzvləri iştirak ediblər.
Gürcüstan tərəfini görüşdə İqtisadiyyat və Energetika nazirliklərinin nümayəndələri, gürcü ekspertlər təmsil edib.
Tədbirdə xarici siyasət, parlamentlərarası əməkdaşlıq, iqtisadiyyat, investisiyalar, mədəniyyət, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.
İclas iştirakçılarının qeyd etdikləri kimi, üç ölkə arasında qarşılıqlı münasibətlər intensiv inkişaf edir. Bunu prezidentlərin, baş nazirlərin, xarici işlər nazirləri və parlament sədrlərinin mütəmadi keçirilən üçtərəfli görüşləri sübut edir. İndi belə görüşlərin artıq parlament komitələri sədrləri səviyyəsində keçirilməsi çox əhəmiyyətlidir.
Parlamentlərarası ilk üçtərəfli görüş bu il aprelin 22-də Bakıda keçirilib. Parlament komitələri nümayəndələrinin növbəti görüşünün Ankarada keçirilməsi planlaşdırılır.