...

Prezident İlham Əliyev: Nə neftin qiymətinin düşməsi, nə böhranlar Azərbaycanın sürətli inkişafına təsir edə bilməz (FOTO)

Siyasət Materials 10 Yanvar 2015 22:59 (UTC +04:00)
“Bu gün biz 2014-cü ilin yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır”.
Prezident İlham Əliyev: Nə neftin qiymətinin düşməsi, nə böhranlar Azərbaycanın sürətli inkişafına təsir edə bilməz (FOTO)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

"Bu gün biz 2014-cü ilin yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il də ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır". Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqi zamanı deyib.

Prezident deyib ki, düz bir il bundan əvvəl biz keçən ildə görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparmışdıq, qarşıya mühüm vəzifələr qoyulmuşdu və il ərzində çox gərgin iş aparılmışdır: "Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedirdi. Gərginlik, demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı 2014-cü ildə də təhlükəsizlik şəraitində yaşamışdır.

Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir və əminəm ki, bu il də görüləcək işlər nəticəsində Azərbaycan daha da güclənəcək".

Dövlət başçısı deyib ki, ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir: "Keçən ilin əvvəlində qarşıya vəzifə qoyulmuşdur ki, həm ümumi daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin edilmişdir. İqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Bu, bugünkü dünyada çox gözəl göstəricidir. Bəzi ölkələrdə artım da yoxdur, əksinə, tənəzzül müşahidə edilir. Artım olan ölkələrdə bu, 1 faizə qədərdir.

Baxmayaraq ki, ilin sonunda neftin qiyməti kəskin şəkildə aşağı düşmüşdür, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın artmışdır. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir. Qeyri-neft sektorunun inkişafı bizə imkan verir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin və iqtisadiyyatımızın dayanıqlı inkişafı təmin edilsin.

İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir. Deyə bilərəm ki, son illər ərzində bu mənzərə müşahidə olunur - əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə qabaqlayır. Bu da insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir.

Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur".

İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, bu uğurun təməlində son illərdə aparılan siyasət dayanır: "Əgər bu siyasət, investorların Azərbaycanın sabitliyinə, gələcəyinə inamı olmasaydı, heç kim Azərbaycana vəsait qoymazdı. 27 milyard dollar həcmində investisiya qoyuluşu və bunun müqabilində 1,4 faizlik inflyasiya Azərbaycanın uğurlu inkişafının ən gözəl göstəricisidir. Çünki həm pensiyalar, maaşlar, həm də əhalinin pul gəlirləri artmışdır, böyük həcmdə investisiya qoyulmuşdur, inflyasiya isə ən aşağı səviyyədədir.

Manatın məzənnəsi sabitdir. Bir neçə ildir ki, manatın məzənnəsi nəinki sabitdir və eyni zamanda, əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazanır. Keçən il də biz bunu görmüşük. Bu da çox müsbət göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır. Azərbaycanda manatın məzənnəsi sabitdir. Bu, bir daha bizim uğurlu iqtisadi siyasətimizi göstərir.

Valyuta ehtiyatlarımız artıb. Yadımdadır, bir il bundan əvvəl göstəriş vermişdim ki, baxmayaraq, 2014-cü ildə bizim böyük xərclərimiz - həm infrastruktur layihələrinin, neft strategiyamızın icrası, "Cənub" qaz dəhlizinin inşası ilə bağlı böyük xərclər olacaq, ancaq biz elə etməliyik ki, valyuta ehtiyatlarımız artsın. Biz bunu təmin edə bilmişik. Hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatlarımız vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Həm valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq, eyni zamanda, ölkəmizin dayanıqlı tərəqqisi üçün bu imkanlardan istifadə edib iqtisadiyyatın inkişafına, infrastruktur layihələrinin icrasına böyük həcmdə vəsait qoyuruq.

Bir sözlə, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur. Eyni zamanda, bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Yəni, biz dünyanın ən rəqabətli 40 iqtisadiyyatı arasındayıq. Bu, tarixi nailiyyətdir.

Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin. Bu sahə daim prioritetdir, bu il də prioritet olaraq qalacaq. Sosial obyektlərin inşası uğurla təmin edilmişdir, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir. Əməkhaqqı, pensiya artmışdır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir.

Əlbəttə, bu, bizim vəzifəmizdir. Biz bunu edəcəyik. Ancaq əminəm ki, insanların rifah halı yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı azalacaq. Çünki hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Keçən il də yoxsulluq aşağı düşübdür, işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir.

Keçən il Azərbaycanda "Sənaye ili" elan edilmişdir və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu proses də sürətlə getməlidir. Çünki Azərbaycanda yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir və bu il də bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir".

Prezident vurğulayıb ki, keçən il bir neçə iri layihə icra edilmişdir: "Hər bir layihə özlüyündə nəhəng bir layihədir. Mən onların arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasını xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının bərə terminalı istifadəyə verilmişdir. Yəni, bu layihənin birinci mərhələsinin birinci hissəsi artıq icra edilmişdir. Şəmkirçay su anbarı istifadəyə verilmişdir. Bu da nəhəng layihədir, ölkəmizin uzunmüddətli və sürətli inkişafına təkan verəcək. Eyni zamanda, böyük sənaye müəssisələri, o cümlədən "Norm" sement zavodu istifadəyə verilmişdir ki, orada sementin istehsalı 2 milyon tona bərabərdir. Bu zavodun istifadəyə verilməsi ilə biz artıq idxaldan asılılığımızı tamamilə aradan götürmüşük və ixrac imkanlarımız da artır.

Əlbəttə ki, digər layihələr də diqqətəlayiqdir. Bu əsas infrastruktur və sənaye layihələri ancaq güclü dövlətdə icra edilə bilər. Çünki biz dünyada gedən prosesləri izləyirik. Görürük ki, dünyanın müxtəlif yerlərində böhran - iqtisadi böhran, maliyyə böhranı, siyasi böhran yaşanır. Belə olan halda nəinki investisiyalar qoyulmur, hətta maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisar edilir. Ancaq buna baxmayaraq, biz Azərbaycanda bunun tam əksini görürük. Nəzərə alsaq ki, Azərbaycan dünya iqtisadiyyatına çoxdan inteqrasiya edib, biz dünya iqtisadiyyatının bir parçasıyıq, belə uğurlu mənzərəni təmin etmək üçün, əlbəttə, böyük səylər göstərilməli, uzunmüddətli, düşünülmüş siyasət aparılmalı idi. Biz buna planlı, əsaslı şəkildə nail ola bilmişik. Bu nəticələr deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı illərdə də uğurla inkişaf edəcək".

Dövlət başçısı bildirib ki, dünyada neftin qiyməti kəskin şəkildə, 2 dəfədən çox aşağı düşmüşdür: "Əlbəttə ki, bu, bizim gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində əminəm ki, Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir.

Keçən il ikinci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Bu da nəhəng layihələr arasında özünəməxsus yer tutan bir layihədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. Biz yeni texnologiyalara, innovasiya layihələrinə sərmayə qoyuruq və bu layihələr həm elmin inkişafına xidmət göstərir, idarəetmə məsələlərini təkmilləşdirir, eyni zamanda, cəmiyyətdə hələ də mövcud olan xoşagəlməz halların qarşısını alır.

"ASAN xidmət" mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək istəyirəm. Artıq 7 mərkəz fəaliyyət göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində "ASAN xidmət" əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir. On yeni avtobus alınmışdır, səyyar xidmət daha da böyük coğrafi məkanda təmin ediləcəkdir. Beləliklə, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır. Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır.

Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir.

Keçən il beynəlxalq əlaqələrimiz artmışdır. Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni, fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.

Biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi".

Dövlət başçısı bildirib ki, yəni, Azərbaycan öz işi ilə, görülən işlərlə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz dəyərli töhfələrini verir: "Biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz. Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir. O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik.

Yenə də demək istəyirəm ki, 2014-cü ilin yekunları və 2015-ci il bir daha bizim gücümüzü göstərəcək. Nə neftin qiymətinin düşməsi, nə böhranlar, nə yaxınlıqda baş verən qanlı toqquşmalar bizim sürətli inkişafımıza təsir edə bilməz. Mən tam əminəm ki, biz 2015-ci ili də uğurla başa vuracağıq və ölkəmizin inkişafını təmin edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti