...

"Xilafət" uşaq ordusunun yaradılması yolunda

Siyasət Materials 3 Fevral 2015 21:00 (UTC +04:00)
"İslam dövləti" terror təşkilatına qarşı hərbi əməliyyatların başlamasından etibarən silahlılara 2 mindən çox hücum edilib ki, nəticədə təşkilatın başçılarının təqribən yarısı öldürülüb.
"Xilafət" uşaq ordusunun yaradılması yolunda

Ərəb xəbərlər xidmətinin rəhbəri

Rufiz Hafizoğlu - Trend:

"İslam dövləti" terror təşkilatına qarşı hərbi əməliyyatların başlamasından etibarən silahlılara 2 mindən çox hücum edilib ki, nəticədə təşkilatın başçılarının təqribən yarısı öldürülüb.

Lakin terror təşkilatının tam məhv edilməsi barədə danışmaq hələ tezdir.

Terror təşkilatları ilə mübarizə təcrübəsi göstərir ki, liderin ölümü bu strukturların "ideya" mübarizəsinə o qədər də təsir etmir. Xüsusilə, bu təşkilatlar öz məqsədlərinə çatmaq üçün dindən istifadə edirsə.

"İslam dövləti" terror təşkilatının mübarizə strategiyası və fəaliyət metodunun öyrənilməsi göstərir ki, bunlar Yaxın Şərqdə əvvəlki terror strukturlarının istifadə etdikləri nəsnələrdən tamamilə fərqlənir.

Bəs "İslam dövləti"ni məğlubedilməz edən nədir?

İD silahlılarını məğlubedilməz edən səbəblərdən biri dini etiqadlardır. Suriya və İran ordusu hər bir əsgərin həyatına görə əndişələndiyi bir vaxtda, "xilafətin əsgərləri" ölməyə və seçilmiş şəhid olmağa hazırdırlar.

Digər önəmli fakt ondan ibarətdir ki, İD vahiməyə salmaq taktikasından istifadə edir ki, buna da heç bir terror təşkilatı daha əvvəl əl atmayıb.

Məhz buna görə də Suriya və İraqda "İslam dövləti"nin nəzarət etdiyi ərazilərdə "xlafət"ə qarşı heç bir üsyan yoxdur.

Digər tərəfdən, unutmaq olmaz ki, İD xüsusi xidmət orqanlarının "məhsulu"dur, buna görə də "xilafət"in kəşfiyyatı ən yüksək səviyyədədir. Üstəlik, İD qanunsuz neft satışından əldə edilən gəlirləri və yerli sakinlərdən toplanan vergilərin bir qismini "xilafətin kəşfiyyatı"nın saxlanılmasına xərcləyir.

İraq və Suriyada baş verən hadisələri təhlil edərək belə qənaətə gəlmək olar ki, "xilafətin kölgəsi"ndə təkcə İran və Türkiyənin deyil, həm də ərəb və Qərb dövlətlərinin kəşfiyyatları mübarizə aparırlar. Bu mübarizənin tez başa çatmayacağı çox aydın görünür.

Lakin təkcə bütün bunlar "xilafət"i güclü etmir. Belə ki, rəsmi məlumata görə, hazırda "xilafət"ə Tunisdən 3000-dən artıq, Səudiyyə Ərəbistanından 2500, İordaniyadan 2089, Mərakeşdən isə 1500 "könüllü" qoşulub. Bundan başqa, İD-nin sıralarına qatılmış avropalıların sayı da az deyil.

Son məlumata görə, İD-yə Fransadan 500, Belçikadan 300, Almaniyadan 300, Niderlanddan 152, ABŞ-dan 132, İsraildən 20-dən çox şəxs qatılıb. Bu barədə düşünmək lazımdır.

Hazırda İD bəzi ölkələr üçün daxili radikallardan xilas olmaq üçün yaxşı imkandır.

"Xilafət" uşaq ordusunun yaradılması yolunda

Milyonlarla qaçqın ordusu və dinc sakinlərin ölümü Suriya və İraqdakı hərbi əməliyyatların yalnız görünən hissəsidir.

Koalisiya qüvvələri İD-yə qarşı "uğurlu" hərbi əməliyyatlarla fəxr etdiyi bir vaxtda "xilafət"in ərazisində uşaq ordusunun yaradılması üzrə "iş" aparılır.

"Xilafət"in qalası hesab edilən Suriyanın Rakka şəhərini İD silahlıları tutduqdan sonra şəhərdə bütün məktəblər və təhsil müəssisələri bağlandı. Sirr deyil ki, şəhərin ərazisində uşaqların "öyrədilməsi" üçün xüsusi düşərgə fəaliyyət göstərir.

Uşaqlardan çoxu yetimdir və hazırda uşaq "şəriət düşərgəsi"ndə "öyrədilən" 350-dən çox yeniyetmə var.

Təqribən 45 gün davam edən birinci mərhələ şəriətin qaydalarının öyrədilməsi və odlu silahdan istifadə bacarığının aşılanmasından ibarətdir.

İkinci mərhələ isə 3 ay vaxt aparır və burada uşaqlar "Allah uğrunda" öldürməyi və ölməyi öyrənirlər. Uşaqların ictimai edamlarda iştirak etməsi, hətta özlərinin edam etməsi ilə bağlı çoxlu videokadrlar var.

Belə düşərgələr təkcə Suriya deyil, İraq ərazisində də var. İD-nin terror fəaliyyətinin demək olar, bütün istiqamətlərində aktiv hərəkəti onu söyləməyə əsas verir ki, "xilafət" məqsədlərinə çatmaq üçün koalisiya qüvvələrindən daha ciddi və qətiyyətlə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti