Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir Səba Ağayeva/
Avropanın təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Bunu Trend-ə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka deyib.
Onun sözlərinə görə, Polşa Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan narahatdır: "Rusiya-Ukrayna, eləcə də Şərq-Qərb münasibətlərindəki hadisələri nəzərə alaraq başa düşürük ki, bununla əlaqədar Dağlıq Qarabağ münaqişəsi presedentdir".
M.Tsalka qeyd edib ki, məhz Dağlıq Qarabağda əsrin son rübündə bir ölkənin beynəlxalq səviyyədə qəbul olunmuş sərhədləri pozulub: "Məhz orada bu günə qədər nizamlanmayan münaqişə alovlanıb, əslində Avropaya aid ərazidə artıq 25 ildir davam edən işğal baş verib. Bu məsələ təbii ki, Avropa siyasətinin ən yaralı yerlərindən biridir. Ən azından, Polşa tərəfinin rəsmi mövqeyi belədir".
Səfirin sözlərinə görə, tarixən Avropada öz aralarında vuruşan xalqların köçü, ölkə sərhədlərinin dəyişməsi baş verib: "Lakin sonralar Avropa ölkələri arasında dəyişməz sərhədlər qurulub. Balkan yarımadasında, postsovet məkanında münaqişələr və indiyə qədər həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi sonralar başlayıb. Əgər mənfi presedent yaranırsa, bütün tərəfləri qane edən qərar qəbul edilmirsə, deməli, savaşmaq və sərhədləri dəyişmək olar. Bütün bunlar XVIII və XIX əsrləri, ötən əsrin 30-40-cı illərinin totalitar rejiminin təcrübəsini xatırladır".
Diplomat əlavə edib ki, Azərbaycan regionun qabaqcıl ölkəsidir: "Biz Azərbaycanla strateji əlaqələr qurmalıyıq. Polşa həmişə Azərbaycanın suverenliyi və müstəqilliyinin qorunmasına yardım edəcək. Polşa Avropa İttifaqı və ATƏT-in üzvü kimi imkanları daxilində siyasi və diplomatik metodlardan istifadə etməklə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə yardım edəcək".
Onun sözlərinə əsasən, Polşa ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və arzu edir ki, bu fəaliyyət daha səmərəli olsun.
M.Tsalka bildirib ki, Avropaya enerji resurslarının tədarükçüsü kimi Azərbaycan Avropa İttifaqı tərəfindən strateji tərəfdaş qismində nəzərdən keçirilməlidir: "Əslində tərəflər artıq əməkdaşlıq edirlər, lakin əməkdaşlığın bu səviyyəsi artırılmalıdır".
Azərbaycanın Aİ ilə tərəfdaşlığı getdikcə dərinləşdiyinə görə səfir ümid edir ki, bu, Azərbaycan və Avropa İttifaqı arasında bağlanmış müqavilələrə təsir edəcək: "Bu da öz növbəsində, Aİ üçün təhlükəsizlik məsələsidir. Polşa isə bunu dəstəkləməyə hazırdır".
Diplomatın sözlərinə görə, Azərbaycan Xəzər regionunun əsas ölkəsidir, enerji resursları ilə zəngindir və olduqca maraqlı geosiyasi mövqeyə malikdir.