Azərbaycan, Bakı, 18 mart /Trend/
Macarıstan Teleqraf Agentliyi - MTİ martın 16-da xəbər verib ki, Macarıstanın "Erməni Milli Muxtariyyəti" martın 12-də xüsusi bəyanatla çıxış edib.
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bəyanatda "muxtariyyət"in Macarıstanın qanunverici orqanındakı nümayəndəsi Tamaş Turdyana Macarıstan parlamentinin deputatı mandatından və "erməni milli azlığının sədrliyi"ndən imtina etmək tələbi ilə ultimatum verilib.
Bəyanatda deyilir: "Tamaş Turdyan parlamentə namizədliyini irəli sürən və seçkilər keçirilən zaman erməni mənşəyi ilə bağlı icmanı aldadıb və Macarıstan ermənilərinin maraqlarını müdafiə etmək üçün saxta öhdəliklər götürüb. Erməni icmasının dəstəyi ilə mandat ala bilib, lakin parlamentdə təmsil olunduğu ilk dəqiqələrdən etibarən daha öz fəaliyyətini, vəzifə və qərarlarını "müxtariyyət" ilə razılaşdırmayıb, onunla heç bir əlaqə saxlamır və Macarıstan ermənilərini ölkənin qanunverici orqanında layiqincə təmsil etmir".
"Erməni muxtariyyəti"nin fikrincə, Tamaş Turdyan "icma üçün əhəmiyyət daşıyan mədəni-maarif və siyasi xarakterli məsələlərdə yetərincə bilikli deyil, öz fəaliyyəti və məzmununda qeyri-dəqiq informasiya olan bəyanatları ilə Macarıstanda ictimai fikri və beynəlxalq erməni diasporunu aldadır".
Həmyerlilərinin fikrincə, Tamaş Turdyanın "səthi nəticənin əldə olunmasına yönələn özbaşına qərarları Macarıstanın "Erməni Milli Muxtariyyətinin" yerli və xarici erməni icmalarının maraqları naminə onilliklər boyu gördüyü işə mane olur.
"Muxtariyyət" bundan çıxış edərək, Turdyana ultimatum elan edir: "Əgər o, icmanın tələbini martın 12-nə qədər təmin etməsə və deputat mandatından imtina etməsə, "Erməni Milli Muxtariyyəti" onu boykot etmək və ən sərt tədbirlər görməklə, onun şəxsiyyətinə etirazını ifadə etmək üçün bütün legitim imkanlardan istifadə edəcək".