...

Fərəc Quliyev: "Özləri də görürlər ki, bunun heç bir mənası yoxdur"

Siyasət Materials 8 Aprel 2015 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Elçin Mehdiyev/

"Mitinqi keçirənlərin özləri də görürlər ki, bunun heç bir nəticəsi, heç bir mənası yoxdur. Çox kiçik sayda elektorat çıxıb hansısa məsələlər haqqında fikir bildirib, hay-küy salıb geri qayıdır. Mənasız bir şeydir". Bu barədə Trend-ə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Milli Şuranın mitinqinə münasibət bildirərkən deyib.

F.Quliyev bildirib ki, əvvəla mitinqi təşkil edənlər hələ özləri özlərini təşkil edə bilmirlər: "Gündə bir parçalanma, bir dağılma baş verir, bir-birilərini ağır ittihamlarla günahlandırırlar və dediklərində böyük həqiqət var. Çünki bir-birilərinə bunu sübut edirlər".

F.Quliyev vurğulayıb ki, insanları mitinqə çağıran tərəf subyekt olaraq cəmiyyət tərəfindən gözdən düşmüş tərəfdir: "Bir-iki qəzet ilə müxalifətçilik etmək olmaz. Onlar elektoratlarından tamamilə məhrum olublar. Ona görə də meydana kimsə gəlmir. İkinci bir tərəfdən də, bitərəf olan insanlar da Milli Şuranın çağırışların əhəmiyyətsiz olduğunu düşünürlər. Məncə mitinq təşkil edənlərin özləri də bunun heç bir mənası olmadığının fərqindədirlər. Sadəcə gündəmdə qalmaq üçün bunu edirlər".

F.Quliyev Ukraynada və ərəb ölkələrində baş verən hadisələrdən də misal gətirib. O qeyd edib ki, istər Ukraynada, istər ərəb ölkələrində elektoratların bir hissəsi bilərəkdən, bir hissəsi isə aldadılmış şəkildə hansısa dövlətin maşasına çevrilir, sonra ölkə qarışır bir birinə:

"Bizə bu gün ölkəmizin inkişafı lazımdır. Hesab edirəm ki, Azərbaycanın təhlükəsizliyi, təhdidlərdən yaxasını qurtarması Azərbaycana bağlı olan bütün insanların amalıdır, istər hakimiyyətdə olsun, istər müxalifətdə. Cəmiyyətin də təbii ki, böyük əksəriyyəti bu məsələlərdən agahdırlar və əlbəttə ki, onlar ölkəyə bağlı insanlardırlar. Onlar da bu mitinqlərdə iştirak edib ölkələrini dağıtmaq istəmirlər".

F.Quliyev qeyd edib ki, o, bütün məsələlərin masa arxasında həll edilməsinin tərəfdarıdır: "Mən dialoqun daha əhəmiyyətli olduğunu düşünürəm və hesab edirəm ki, bir çox məsələlər masalarda çözülməlidir. Əgər hakimiyyət də bu gün müxalifət ilə dialoq təşkil edirsə və bu məsələlərə müsbət yanaşırsa, onda mitinq keçirməyin mənası nədir? Onsuz da mitinqin, piketin sonu o fikri, o predmeti masaya daşımaqdır. Bu gün bunu masaya daşımağın qabağını kəsən bir şey yoxdursa, onda bu mitinqi etməyin məntiqi qalmır. Onda "Niyə görə mitinq olunur?" sualı ortada müəmma olaraq qalır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti