...

Elmar Məmmədyarov: Aİ ilə əlaqələr qarşılıqlı faydalı xarakter daşımalıdır

Siyasət Materials 15 Aprel 2015 19:34 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb.
Elmar Məmmədyarov: Aİ ilə əlaqələr qarşılıqlı faydalı xarakter daşımalıdır

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında siyasi dialoqun və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

E.Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib və sədrlik müddətinin uğurla başa çatdırılacağına əminliyini ifadə edib. Nazir İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu qeyd edərək, digər sahələrdə də strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib. O, əlavə edib ki, Avropa İttifaqı ilə əlaqələr qarşılıqlı faydalı xarakter daşımalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən E.Məmmədyarov digər münaqişə məsələlərində olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsinə dair Avropa İttifaqının qəti mövqeyinin ifadə olunmasının vacibliyini vurğulayıb. Nazir deyib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, ilk növbədə, Ermənistanın işğalçı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.

E.Rinkeviçs Latviyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü və suverenlik əsasında həllini dəstəklədiyini diqqətə çatdırıb.

O, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib və Azərbaycan sərmayələrinin Latviyaya cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti