...

Mübariz Əhmədoğlu: Danışıqlar prosesinin mövzusuna Ermənistan seçici yanaşma nümayiş etdirir

Siyasət Materials 21 Aprel 2015 12:58 (UTC +04:00)
Avropa Parlamentində “erməni soyqırımı”nın tanınması haqqında qəbul edilmiş qərar əgər birbaşa deyilsə də, dolayısı yolla Dağlıq Qarabağ tənzimlənməsinə yardım edir:
Mübariz Əhmədoğlu: Danışıqlar prosesinin mövzusuna Ermənistan seçici yanaşma nümayiş etdirir

Azərbaycan, Bakı, 21 aprel /Trend/

"Ermənilərin Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqlarının mətni üzrə mövqeyi belədir: Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları arasında görüşlər, dialoq Dağlıq Qarabağ tənzimlənməsinə maneçilik törədir; Böyük Sülh Sazişinin hazırlanması mövzusu tənzimlənməni yubadır; Azərbaycanı tərk edən ermənilərin Azərbaycana, Ermənistandan qovulmuş azərbaycanlıların Ermənistana qayıtması mövzusuna toxunmaq qadağandır; İtkin düşənlərin siyahısının dəqiqləşdirilməsi mövzusu tənzimləmə prosesinə ziyan gətirir; snayperlərin geri çəkilməsi barədə danışıqlar, tənzimləmə prinsiplərini hazırlamaq və Qarabağ ermənilərinin tənzimləmə prinsiplərinə razılığını almaq mövzusu tənzimlənmə prosesinə fayda verir". Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saat"ında deyib.

Politoloqun sözlərinə görə, Avropa Parlamentində "erməni soyqırımı"nın tanınması haqqında qəbul edilmiş qərar əgər birbaşa deyilsə də, dolayısı yolla Dağlıq Qarabağ tənzimlənməsinə yardım edir: "AŞPA sədri Ann Brosser Ermənistanda səfərdə olarkən ən çox rast gəldiyi məsələ AŞPA-nın qərarı ilə britaniyalı məruzəçinin "Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" adlı məruzənin mövzusu ilə əlaqəli idi. Ermənilərin qənaətinə görə, AŞPA tənzimlənmə prosesinə qoşulursa, bu, maneçilik yaradacaqdır. AŞPA dövlət deyil, ordusu yoxdur, qəbul etdiyi qərarlar hüquqi qüvvəyə malik deyildir. Belə qurumun Dağlıq Qarabağ məsələsini müzakirə etməsinə Ermənistanın reaksiyası anlaşılmır. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsindəki mövqeyinin təhtəlşüur göstəricisi kimi də başa düşülə bilər. Ermənistan Avropa Parlamentində, BMT müstəvisində də Dağlıq Qarabağ tənzimlənməsi üzrə dinc müzakirələrin aparılmasının əleyhinədir. Ermənilər onlara ən çox yardım etmiş dövlətlərdən biri olan İranın da vasitəçilik missiyasının əleyhinədirlər. Rəsmi Yerevan yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların tərəfdarıdır. Bunun iki səbəbi var:

- ən əsas səbəb ATƏT-in Minsk Qrupunda qərarların konsensus mexanizmi üzrə qəbul edilməsidir. Ermənistan yalnız özünə inanır və ona görə də ATƏT MQ-nin hazırladığı variantın icrasına razılıq verməyəcəyinə əmindir. Bununla da tənzimləmə ilə bağlı aparılan danışıqlar nəticəsiz başa çatacaqdır. ATƏT MQ-nin qərar qəbuletmə mexanizmi buna imkan verir;

- ikinci səbəb siyasidir. ATƏT-in Minsk Qrupu həmsədrləri hal-hazırda C.Uorlik tərəfindən idarə olunur. Rusiya xarici işlər naziri S.Lavrov-Kələntəryan rusiyalı həmsədr İ.Popovu da onun sərəncamına keçirib".

Politoloq bildirib ki, ABŞ isə hal-hazırda Rusiyanı alçaltma, zəif göstərmə siyasəti aparır: "Rusiyanın qonşuluğunda Dağlıq Qarabağ münaqişəsi kimi kiçik münaqişənin həll edilmiş qalması Rusiyanın gücünün zəifliyini göstəricisidir. Ona görə də ATƏT-in Minsk Qrupu danışıqların mətnini də Ermənistanın maraqlarına uyğun qurur. ATƏT-dən səlahiyyətlərinə görə zəif olan AŞPA fərqli mətn ortalığa qoysa da, Ermənistan bunu qəbul etmədi.
Ermənistanın iddiasına görə, danışıqlar yalnız onun arzuladığı formatda və onun maraqlarına uyğun mətnlə davam etməlidir. ATƏT MQ Ermənistanın bu iddiasının keşikçisinə çevrilib. Reallıq isə başqa şey deyir. Ermənistanın daxili vəziyyəti gərginləşir, iqtisadi vəziyyət pisləşir, 2015-ci il başlayandan bəri Ermənistanın heç bir iqtisadi parametrində irəliləyiş əldə olunmayıb, bütün sahələr üzrə geriləmə baş verir. Belə Ermənistanın gec-tez hərbi gücü də zəifləməlidir. Əvvəldən toplanmış silah arsenalı, müxtəlif kanallarla göndərilən silahlar, zamanın təsirindən, texniki qulluğun olmamasından sıradan çıxıb. Ermənistan ordusunda baş verən biabrıçılıqları gizlətmək mümkün deyil. Azərbaycanda isə tam əks proses gedir. Əhali hakimiyyəti tam dəstəkləyir, xalqın hakimiyyətə münasibəti Dağlıq Qarabağ məsələsində yalnız inam artırır, Azərbaycan ordusu psixoloji cəhətdən üstünlüyü ələ alıb; maddi-texniki və təchizat məsələsində isə üstünlüyü çoxdan ələ almışdı. Azərbaycan qoşunlarının kontakt ərazilərində hərbi insidentlərin sayı artır. Ermənilər tərəfdən itkilərin sayı çoxalır, istifadə olunan silahların çapı artır. Bütün bunlar ATƏT-in 23 illik fəaliyyətinin nəticəsidir. ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini birinci müharibədən təhvil aldı, hazırladı, yeniləşdirdi və ikinci müharibəyə təhvil vermək ərəfəsindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti