Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Yelena Kosolapova/
Qondarma "erməni soyqırımı" iddiaları ilə bağlı ortaya çıxan sual odur ki, nə üçün Osmanlı imperiyasında baş verən hadisələrdən 100 il sonra "soyqırım" haqqında danışılır və niyə onun tanınması üçün bu qədər səy göstərilir?
Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun "This week in focus" verilişi zamanı bildirib.
O qeyd edib ki, bu məsələnin qabardılmasında iştirak edənlər, məsələn, Avropa Parlamenti, Roma papası, bəzi ölkələrin parlamentləri bu suala cavab verməlidir.
"Əgər bunda yer almaq istəyirsinizsə, deyin, nə etməyə çalışırsınız? Türkiyəni cəzalandırmaq istəyirsiniz? Hətta belədirsə, tarixi məsələlərin həlli üçün parlamentlər doğru yerdirmi? Məhkəmə xarakterli qərarlar çıxarmaq üçün parlament uyğundurmu?", - deyə İ.A.Coşqun bildirib.
Onun sözlərinə görə, ermənilər bu məsələ ilə spekulyasiya edir. Səfir qeyd edib ki, Ermənistanın bu ilin əvvəlində təqdim edilən strategiyası məhz onu deyir ki, bu ölkə öz sərhədlərini dəyişdirmək, genişləndirmək niyyətindədir: "Xüsusilə də, Ermənistan prezidenti gənclər qarşısındakı çıxışında demişdi ki, "onlar Qarabağı qaytarıblar, yeni nəslin vəzifəsi isə Anadoludakı torpaqları geri almaqdır".
Səfir vurğulaylıb ki, beynəlxalq ictimaiyyət Ermənistan prezidentinin bu sözlərinə heç bir reaksiya verməyib: "Halbuki, Ukraynanın ərazi bütövlüyü məsələsində beynəlxalq ictimaiyyətin mövqeyi birmənalıdır. Lakin Ermənistan prezidenti bu cür açıqlamalar verəndə diqqət edən olmur. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib, amma Ermənistanı Azərbaycanla mehriban qonşuluq şəraitində yaşamağa çağıran heç bir qərar yoxdur. Yaxşı, məqsəd nədir?"
Səfir ölkəsinin dünya ictimaiyyətinə heç bir "soyqırım" olmadığını izah etməkdə inadlı olduğunu deyib.
"Biz bir-birimizi itələyəcəyik, yoxsa çiçəklənən və sabit gələcək quracağıq? Türkiyə ikinci variantı seçir. Buna görə də, Türkiyə ermənilərə çağırış edir ki, 1915-ci il hadisələrini bir yerdə araşdıraq".
Türkiyədə 1915-ci il hadisələrinin qurbanlarının yad ediləcəyini deyən səfir əlavə edib ki, ölkəsi heç bir əsassız ittihamları qəbul etməyəcək və ədalətsiz yanaşmaya susqun qalmayacaq.