...

Fuad Muradov: "AŞ-nin insan hüquqları üzrə komissarı ya idiotdur, ya da..."

Siyasət Materials 20 May 2015 19:11 (UTC +04:00)
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini tənqid etməkdə davam edib və biri-birinə zidd olan fikirlər səsləndirib. Onun bu açıqlamasına cavab özünü çox gözlətməyib.
Fuad Muradov: "AŞ-nin insan hüquqları üzrə komissarı ya idiotdur, ya da..."

Azərbaycan, Bakı, 20 may /Trend/

Avropa Şurasının (AŞ) insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini tənqid etməkdə davam edib və biri-birinə zidd olan fikirlər səsləndirib. Onun bu açıqlamasına cavab özünü çox gözlətməyib.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı, Azərbaycanın Avropa Parlamentindəki nümayəndəsi Fuad Muradov ona cavab olaraq bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı şər, böhtan kampaniyası davam edir: "Mənim diqqətimi çəkən cənab Nils Mujnieksinin "mənim tərəfdaşlarım" fikrini işlətməsidir. Əgər komissar Avropa Şurasının insan hüquqları üzrə komissarlığı ifadəsini işlətsəydi, bu, başa düşülərdi. Belə çıxır ki, Nils Mujnieksinin Azərbaycanda öz siyası adamları var. Onun siyası dünyagörüşü nədən ibarətdir, siyasəti nəyə xidmət edir? Buna diqqət etsək, görərik ki, onun azərbaycanlı ilə tərəfdaş olması mümkün deyil".

O, qeyd edib ki, əslində, komissar bu danışığı ilə özünün iç üzünü açıb: "Doğrudan da Nils Mujnieks bu sözləri söyləyibsə, məntiqlə onun barəsində iki fikir yürütmək olar: ya həqiqətən o, idiotdur, ya da Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin ön sırasında olanlardandır. Biz Avropa Şurası daxil olmaqla bütün beynəlxalq qurumlar qarşısında öz doğma torpaqlarına, ata-babalarının qəbrini ziyatərə gedən məcburi köçkünlər - Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülüb insanlığa sığmayan işgəncələrə məruz qaldığı barədə nəinki məlumat vermişik, onların azad olunması üçün dəfələrlə xahiş etmişik. Ermənistanın bütün beynəlxalq konvensiyaları pozuğunu diqqətə çatdırmışıq. Bu günə qədər onlardan biri, elə konkret olaraq Avropa Şurasının insan hüquqları üzrə komissarından bir reaksiya yoxdur. Bu da onu göstərir ki, belələrini insan hüquqlarının pozulması maraqlandırmır. Onlar yalnız öz məqsədləri naminə addımlar atırlar".

Depuatat "Cənubi Qafqazda niyə yalnız Azərbaycanla bağlı məsələ müzakirə olunur, Ermənistan, Gürcüstan niyə yada düşmür" sualına belə cavab verib: "Burada təəccüblü bir şey yoxdur. Birincisi, bu gün Ermənistanda da, Gürcüstanda da hakimiyyətə siyasi opponentlik edən qüvvələr həbsdədir. Demək, Avropa Şurasının insan hüquqları üzrə komissarlığı üçün bu məsələ maraqlı deyil. Elə olsaydı, bu məqama da toxunardılar. Bəli, Cənubi Qafqaz deyəndə yalnız Azərbaycan yada düşür. Bunun səbəbi çox sadə və hər kəs üçün aydın məsələdir. Çünki Azərbaycan bütün sahələr üzrə nəinki Cənubi Qafqazda liderdir, keçmiş MDB məkanında öndə gedən ölkələr sırasındadır. Əsas isə odur ki, Azərbaycan xarici siyasətində yalnız milli maraqlara xidmət edən addımlar atır, ətraf amilləri, təzyiqləri nəzərə almır. Bu da, görünür, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının xoşuna gəlmir. Hesab edirəm ki, Azərbaycan düz yoldadır. Bizi bu yoldan heç bir qüvvə çəkindirə bilməz. Əminəm ki, yaxın zamanlarda Azərbaycana qarşı şər, böhtan kampaniyası aparanlar səhvlərini anlayacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti