...

Hikmət Hacıyev: Mişel Forstun bəyanatı Azərbaycana qarşı aparılan kampaniyanın sifarişli tərkib hissəsidir

Siyasət Materials 3 İyun 2015 13:25 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun Azərbaycanla bağlı açıqlamasını şərh edib.
Hikmət Hacıyev: Mişel Forstun bəyanatı Azərbaycana qarşı aparılan kampaniyanın sifarişli tərkib hissəsidir

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun Azərbaycanla bağlı açıqlamasını şərh edib.

Trend-in məlumatına görə, H.Hacıyev bildirib ki, Azərbaycan həmişə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və xüsusi proseduralar üzrə mandat daşıyıcıları ilə onların mandatları çərçivəsində tam və konstruktiv əməkdaşlıq edib: "Bu baxımdan, həmin əməkdaşlıq ruhuna xələl gətirən belə bir bəyanatın verilməsi anlaşılan deyil və Avropa Oyunları ərəfəsində bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın sifarişli tərkib hissəsidir. BMT sənədlərində də qeyd olunduğu kimi idman xalqları birləşdirməyə xidmət etməli və siyasətdən kənar olmalı olduğu halda, Mişel Forst tərəfindən idmanın siyasiləşdirilməsi cəhdi Olimpiya xartiyasının məqsəd və məramları ilə ziddiyyət təşkil edir".

XİN rəsmisi bildirib ki, bu bəyanat Azərbaycan məhkəmə-hüquq sisteminə kölgə salaraq istinad edilən istintaq işlərinin mahiyyətini təhrif edir: "Konkret cinayət əməlləri üzrə ittiham olunmuş şəxslərin azad olunmasına çağırış hüquqi baxımdan əsassızdır və qanunun aliliyinin pozulmasıdır. Mişel Forst insan hüquqları məsələsində əgər belə "prinsipialdırsa", ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bütün fundamental hüquqlardan məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsindən danışmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti