...

Azay Quliyev: Arif Məmmədov kimi adamları "piştaxta"dan çıxarıb siyasi səhnəyə gətirməklə...

Siyasət Materials 18 İyun 2015 14:53 (UTC +04:00)
Əlbəttə, bizim bu qədər zəhmətimiz, etdiyimiz jest və xoş niyyət qarşılığında ölkəmizə qarşı edilən haqsızlığı və aparılan qarayaxma kampaniyasını sakit izləmək və buna üzülməmək mümkün deyil.
Azay Quliyev: Arif Məmmədov kimi adamları "piştaxta"dan çıxarıb siyasi səhnəyə gətirməklə...

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Əlbəttə, bizim bu qədər zəhmətimiz, etdiyimiz jest və xoş niyyət qarşılığında ölkəmizə qarşı edilən haqsızlığı və aparılan qarayaxma kampaniyasını sakit izləmək və buna üzülməmək mümkün deyil. Biz bu barədə dəfələrlə danışmış və öz etirazımızı bildirmişik. Biz bu gün faktiki olaraq Avropadan və ABŞ-dan idarə olunan bir sıra maraqlı dairələrin total hücumuna və mənəvi terroruna məruz qalırıq. Hətta mən deyərdim ki, nə Soçi olimpiadasında Rusiyaya, nə də Pekin olimpiadasında Çinə qarşı belə məkrli və çirkin kampaniyalar aparılmayıb. Ölkəmiz əleyhinə aparılan kampaniyanın təşkilatçıları və iştirakçıları artıq "insan haqları və söz azadlığı" kimi ümumi prinsiplərin arxasında gizlənə və əsl məqsədlərini ört-basdır edə bilmirlər".

Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, baş verənləri sadəcə tənqid kimi qəbul etmək mümkün deyil: "Əslində, biz heç vaxt sağlam tənqidin əleyhinə də olmamışıq. Bir mövzu haqqında bir və ya bir neçə dəfə yazılan yazıları da anlamaq olar. Amma biz nəyi müşahidə edirik? Kütləvi hücumun və əsassız ittihamlarla aşağılamaq cəhdlərinin. Məsələn, təkcə bu ilin aprel ayında Azərbaycanla bağlı əsasən Avropa və ABŞ-da 1279 məqalə çap edilib. Bunların da böyük əksəriyyətinin sifarişli olduğu qərəzli məzmunundan və eyni mövzunu dönə-dönə təkrar etmələrindən bəlli olur. Və yaxud təkcə son iki həftədə 1-ci Avropa Oyunları ilə bağlı Almaniyada 29, Böyük Britaniyada 26 və ABŞ-da 19 məqalənin çap olunduğunu götürək. Əgər eyni mövzuda və eyni üslubda bir ölkə haqqında gündə 2 və ya 3 məqalə yazılırsa, onların, necə deyərlər, süjet xətti demək olar ki, fərqlənmirsə, onda buna nə ad verəsən? Bu, qərəzlilik və kampaniyaçılıq deyilsə, bəs nədir?"

Deputatın sözlərinə görə, onların qeyri-səmimi və məkrli olduğunu sübut edən başqa bir detal - Avropa Oyunlarının açılş mərasiminə Avropanın aparıcı KİV-lərinın yanaşması oldu: "Biz burada nəyin şahidi olduq: Azərbaycana qarşı qısqanclıq və onun uğurlarını həzm etməmək hissi bir çox Avropa mediasında o qədər güclü oldu ki, onlar açılış mərasimini ümumiyyətlə və ya tələb olunan səviyyədə işiqlandırmağı da lazım bilmədilər. Sual olunur: Avropaya birbaşa aidiyyəti olan və ilk dəfə keçirilən belə bir möhtəşəm idman tədbirini işıqlandırmaqdan niyə imtina edirsən? Niyə milyonlarla avropalını sevdiyi idman oyunlarına baxmaqdan məhrum edirsən? Çünki onlar bunu görsəydilər, o zaman ölkəmizi müsbət fonda təqdim etməyə məcbur olacaqdılar və bu da, görünür, indiyə kimi onların həyata keçirdikləri qarayaxma kampaniyasının konsepsiyasına uyğun olmayacaqdı. Məsələn, bir faktı deyim. BBC Oyunların açılış mərasimi ilə bağlı reportaja tənqidlə başladı. Sonra onlar Azərbaycandakı müxbirləri ilə bağlantı qurdular. Müxbir ilk Avropa Oyunlarının açılışı haqqında müsbət fikirlər bildirdi və dərhal onun sözünü yarımçıq kəsərək efirdən ayırdılar. Bax, budur onların səmimiyyəti və insan haqları və söz azadlığı uğrunda apardığı "mübarizələri"nin əsl mahiyyəti.

Bu fakt açıq şəkildə bir daha onu göstərir ki, Azərbaycan nə edirsə-etsin, bu kimi dairələr onun gördüyü müsbət işləri qiymətləndirmək istəməyəcəklər. Digər bir məsələyə diqqət yetirək. ABŞ konqresmeni, Helsinki komissiyasının sədri Kristofer Smit deyir ki, "Azərbaycanın açılış mərasimində göstərdiyi nəticələr və onun möhtəşəmliyi heç kimin gözünü qamaşdırmamalıdır. Və heç kim heç bir halda Azərbaycanı tənqid etməkdən çəkinməməlidir". Əslində, o bu tədbirin möhtəşəmliyini etiraf edir və bundan narahatlığını gizlətmir. Elə Almaniya Bundestaqında Azərbaycan haqqında qəbul edilən qətnamənin iyunun 12-də baş tutması da bu qəbildən olan planın tərkib hissəsi idi. Bilirsiniz ki, belə faktları çox sadalaya bilərik. Bir daha təəssüflə qeyd edirəm ki, Avropanın aparıcı KİV-ləri, bəzi siyasətçilər bu məsələyə doğrudan da siyasi maraqlar baxımından yanaşdılar, qısqanclıqlarını açıq şəkildə nümayiş etdirdilər".

A.Quliyev bütün bunların əsl səbəbini də açıqlayıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil daxili və xarici siyasət, milli maraqlarımızın daima qorunması, Dağlıq Qarabağ münaqişəsində güzəştə gedilməməsi, hər hansı bir bloka və kiminsə çətiri altına girməməyimiz və əlbəttə, iqtisadi baxımdan heç kimdən asılı olmamağımız bütün bu antiazərbaycan kampaniyasını şərtləndirən əsas amillərdir.

Bu kampaniyanın təşkilatçıları, o cümlədən keçmiş səfir Arif Məmmədov kimi adamları "piştaxta"dan çıxarıb həssas məqamda siyasi səhnəyə gətirməklə ondan hakimiyyət əleyhinə istifadə etməyə ümid edənlər bilməlidirlər ki, onların bu cəhdlərinın Azərbaycanda heç bir perspektivi yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti