Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elçin Mehdiyev/
"Biz Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq bir araya gəlir və uzun illər uğrunda mübarizə apardığımız əsl AXCP-ni bərqərar edirik".
Trend-in məlumatına görə, bu barədə zorla AXCP-dən uzaqlaşdırılan üzvlərin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Bizi zor gücünə partiyadan uzaqlaşdırmaq və bir şəxsin əsassız ambisiyalarının qurbanı etmək olmaz. Çünki biz bu partiya və bu amal üçün bütün şüurlu həyatımızı həsr etmiş və cəbhəçi kimi ən ağır məhrumiyyətlərə düçar olmuşuq.
Vətəni, milləti sevmək kimi şərəfli bir həyat yolu keçən cəbhəçiləri indi kimsə öz şəxsi maraqlarını həyata keçirmək üçün müxtəlif yollarla partiyadan xaric edir. Həmin şəxslər haqsız və alçaqcasına ləkələnir. Onların təmannasız və fədakar mübarizə yollarına kölgə salınır.
Artıq bütün bu rəzalətə dözmək və bunları sadəcə müşahidə etmək mümkün deyildir. Buna imkan vermək də onların dəyirmanına su tökməkdir. Son çıxış yolumuz, bir nəfərə qulluq edən AXCP-ni əsl və səmimi sahiblərinə qaytarmaqdır.
Bizim məqsədimiz Azərbaycan Xalq Cəbhəsi Partiyasını sağlamlaşdırmaq və orada daxili demokratiyanı bərpa etmək, indiyə kimi oradan qanunsuz və əsassız qovulanların və ləkələnənlərin hüquqlarını bərpa edib partiyaya qaytarmaqdır. Biz heç də ikinci AXCP yaratmırıq. Əsl cəbhəçilərin bu AXCP-də toplanacağına əminik. Hər kəsi - hüququ pozulanları, qanunsuz və mənəviyatsızcasına ləkələnənləri, Elçibəy və Rəsulzadə ideyalarının daşıyıcılarını sıralarımıza dəvət edirik.
Biz əsl AXCP-ni qaytaracağıq. Biz birbaşa olaraq Əli Kərimlinin diktəsi və istəyi ilə qanunsuz olaraq partiyadan uzaqlaşdırılmışıq. Hüquqlarımızı bərpa edib partiyaya dönəcəyik. O zaman artıq iki AXCP-yə ehtiyac qalmayacaq. Bu zaman Əbülfəz Elçibəyin də ruhu şad olacaq.
Biz partiyanı parçalamaq istəmədik. Biz adımızı dəyişdirib onlarla partiyanın sıralarına qoşulmaq istəmədik. AXCP var, sadəcə o qəsb edilib, idarəetmədən narazı olanlar və etiraz edənlər zorakı şəkildə oradan uzaqlaşdırılır.
Buna son qoyulmalıdır və biz buna sizlərlə birlikdə son qoyacağıq. Partiya könüllü şəkildə toplumun birləşdiyi bir qurumdur. Partiya kiminsə inhisarında olan, Məhdud Məsuliyyətli Cəmiyyət deyil. Bundan sonra daha heç kim partiyanı özünün şəxsi firması kimi idarə edə bilməz. İstədiyi adamı partiyadan qovmaqda sərbəst ola bilməz. Bu tip adamların partiyanı uçuruma da aparmağa nə hüquqi, nə də mənəvi haqqı çatır.
İllərimiz itir, gənclərimiz küçələrdə qocalır və həbsxanalarda həyatları məhv olur, lakin Əli Kərimlinin övladları xaricdə bahalı universitetlərdə təhsil alır və dəbdəbəli həyat yaşayırlar.
Əli Kərimli bəzi xarici qüvvələrin əlində oyuncağa çevrilərək milli və partiya maraqlarını da vicdansızcasına satmaqla məşğuldur. Bu kimi şəxslər uzun müddət səmimi cəbhəçiləri aldatmış və bununla da xalqa və ümumi dəyərlərimizə xəyanət etmişlər.
Hesab edirik ki, bütün cəbhəçilərin iştirakı ilə etimad qurultayı çağırılmalı, əsl AXCP-nin qayəsi və mahiyyəti özünə qaytarılmalı, partiya yenidən təşkil olunaraq özünə yeni rəhbərlik seçməlidir.
Bununla bərabər, AXCP-nin nizamnaməsi dəyişdirlməlidir. Sədrin sərhədsiz səlahiyyətləri məhdudlaşdırılmalı və seçkili orqanların səlahiyyətləri artırılmalıdır. Əlavə olaraq, sədrlik müddəti iki dəfəyə məhdudlaşdırılmalıdır. Bu demokratiyanın tələbidir".