Azərbaycan, Bakı, 21 avqust /Trend/
Cari ilin 21 avqust tarixində Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi baş verib. Yanğının baş verməsi məlum olduqdan dərhal sonra səfirliyimiz Almaniyanın müvafiq orqanları ilə əlaqə saxlayaraq hadisənin detalları ilə bağlı bəzi məlumatlar əldə edib. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Səfirliyimizin Oberpfalts Baş Polis idarəsindən əldə etdiyi məlumata görə, yanğının baş verdiyi binada cəmi 19 nəfər olmaqla, 10 nəfər Azərbaycan, 2 İran, 2 Ukrayna, 2 Kosovo, 2 Ermənistan, 1 Konqo vətəndaşı məskunlaşıb. Bunlardan 3-nün isə azyaşlı uşaq olduğu qeyd olunub. Oberpfalts Baş Polis idarəsinin Baş polis komissarı cənab Mixael Rebelenin verdiyi məlumata görə, yanğın bu gün təqribən saat 03.20 radələrində baş verib, binada yaşayan iranlı şəxs öncə, qonaq üçün nəzərdə tutulmuş otaqda yanğın tüstüsü hiss edib, daha sonra oradan iki nəfər şəxsin qaçdığını görüb. Daha bir nəfər qaçan şəxsləri binanın qarşısında gözləmişdir.
Oberpfalts Baş Polis idarəsi yanğın nəticəsində bina sakinlərindən heç birinin xəsarət almadlğını, yalnız binanın 1-ci mərtəbəsinə dəyəri yüzlərlə avro məbləğində olan maddi ziyan dəydiyini dilə gətirib. Sözügedən idarədən verilən məlumata görə yanğının baş verməsindən dərhal sonra, hələ gecə ikən hadisənin səbəblərini araşdırmaq məqsədilə xüsusi istintaq qrupu yaradılmış və işin istintaqı hazırda davam edir.
Bavariya əyalətinin daxili işlər naziri Yoaxim Herman hadisənin ksenofobiya zəminində törədildiyini istisna etməyərək, məsələnin araşdırılması üçün əlindən gələni edəcəklərini bildirib.
Səfirliyimiz məsələni diqqətdə saxlayır və yanğın hadisəsinin obyektiv surətdə araşdırılması üçün AFR hüquq-mühafizə orqanları ilə əməkdaşlığını davam etdirir.