...

Səfir: Azərbaycan-Qırğızıstan ticarət dövriyyəsi potensiala cavab vermir

Siyasət Materials 8 Oktyabr 2015 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Yelena Kosolapova/

Qırğızıstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin indiki həcmi, ölkələr arasındakı mövcud investisiya və iqtisadi əlaqələr onların real imkanlarına cavab vermir. Bunu Trend-ə Qırğızıstanın Azərbaycandakı səfiri Aycigit Buranov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrin gələcək inkişafı və dərinləşməsinin əsas məqamlardan biri əhəmiyyətli potensialı olan iqtisadi əməkdaşlığın şaxələndirilməsidir.

Səfir qeyd edib ki, ötən il iki ölkənin xarici ticarət dövriyyəsi Qırğızıstanın Azərbaycandan şəkər, zeytun və günəbaxan yağları, bitki yağları alması hesabına 25,8 milyon dollaradək artıb.

Diplomat Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Almazbek Atambayev arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb: "İki ölkənin dövlət başçılarının etibarlı münasibətləri Qırğızıstan-Azərbaycan əməkdaşlığının bütün kompleksinə müsbət təsir edəcək".

A.Buranov deyib ki, Qırğızıstan-Azərbaycan əlaqələri qardaşlıq münasibətləri kimi xarakterizə edilir və 1997-ci il aprelin 23-də imzalanmış dostluq və əməkdaşlıq müqaviləsinə əsaslanır.

O, əlavə edib ki, müstəqillik illərində Azərbaycan və Qırğızıstan arasında hüquq-müqavilə bazası ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 52 müqavilə və sazişi əhatə edir.

Səfirin sözlərinə görə, Qırğızıstan Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ münaqişəsinin siyasi vasitələrlə nizamlanmasının tərəfdarıdır: "Qırğızıstan Azərbaycana dəstək olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin lehinə səs verib. Qırğızıstan diplomatik əlaqələr qurduğu ölkələrin ərazi bütövlüyü, suverenliyi prinsiplərini və müstəqilliyini dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti