...

Gürcüstan Prezidenti: Azərbaycan və Gürcüstan xalqları arasında mövcud münasibətlər ölkələrimizi strateji tərəfdaşa çevirib

Siyasət Materials 6 Noyabr 2015 01:40 (UTC +04:00)
Noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Gürcüstan Prezidenti: Azərbaycan və Gürcüstan xalqları arasında mövcud münasibətlər ölkələrimizi strateji tərəfdaşa çevirib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

Trend-in məlumatına görə, Prezident Giorgi Marqvelaşvili bəyanatında deyib: "Əvvəla, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Gürcüstana səfər etdiyi üçün təşəkkürümü bildirirəm. Bu səfər çox mühüm səfərdir. Bizim ölkələrimiz arasında strateji əməkdaşlığın və gələcək əlaqələrimizin dərinləşməsi baxımından çox vacib bir səfərdir. Bizim xalqlar arasında mövcud münasibətlər ölkələrimizi strateji tərəfdaşa çevirmişdir. Bu da öz növbəsində həm Azərbaycan, həm Gürcüstan, həm də bütövlükdə Qafqaz regionu üçün çox böyük rol oynamışdır.

Bugünkü görüşdə bizi birləşdirən strateji əməkdaşlıq barədə də söhbət etdik. Görüşdə, həmçinin Xəzər dənizi ilə Qara dənizi birləşdirən əməkdaşlıq haqqında da fikir mübadiləsi apardıq. Nəqliyyat və enerji dəhlizi layihələrinin və bu sahədə əməkdaşlığın da dərinləşməsi barədə söhbət etdik. Biz Birgə Bəyannaməni imzaladıq. Bu da öz növbəsində bizim təhlükəsizlik, iqtisadiyyat, ticarət, tranzit və mədəniyyət sahələrində əlaqələrimizin genişlənməsinə töhfə verəcək".

Giorgi Marqvelaşvili ölkələrimiz arasındakı əlaqələrin mehriban qonşuluq münasibətlərinə söykəndiyini vurğulayaraq deyib:

"Sözsüz ki, bu əlaqələr hökumətlər arasında da davam edir, birgə layihələr həyata keçiririk. Biz Azərbaycana təkcə tərəfdaşlıq münasibətlərinə görə deyil, həm də Gürcüstanda bir çox layihələri həyata keçirdiyinə görə minnətdarlığımızı bildiririk. Azərbaycan hər zaman Gürcüstana nəinki iqtisadi, həmçinin humanitar sahələrdə də dəstək verir. Hər bir gürcü yaxşı bilir ki, Azərbaycan bizə hansı yardımları göstərir. Bunlara misal olaraq, uşaq bağçaları, kilsələr, idmançılarla bağlı xeyriyyə layihələrinin həyata keçirilməsinə verilən dəstəyi və köməyi qeyd edə bilərik. Bu əməkdaşlığa görə də biz Azərbaycana öz təşəkkürümüzü bildiririk. Gürcü xalqı da hər zaman dost Azərbaycan xalqının yanında olacaq".

Gürcüstan Prezidenti Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri layihələrin Avropa üçün mühüm əhəmiyyət daşıdığını bildirib, enerji və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışıb. Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti ilə regiondakı hazırkı vəziyyət barədə fikir mübadiləsi apardıqlarını söyləyib. Gürcüstan dövlətinin başçısı Azərbaycanda keçirilən parlament seçkilərinə toxunaraq bildirib:

"Bir daha Azərbaycanda çox uğurla keçən parlament seçkiləri münasibətilə şəxsən İlham Əliyevi və azərbaycanlı dostlarımızı təbrik edirəm. Seçkilərdən keçən qısa zaman kəsiyində ölkəmizə səfər etdiyi üçün cənab Prezidentə təşəkkürümü bildirirəm. Bütün bunlar Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin bariz nümunəsidir və bizim əməkdaşlımızın genişlənməsinə yeni perspektivlər açır".

Xəbər lenti

Xəbər lenti