...

İlham Əliyev: Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır

Siyasət Materials 18 Yanvar 2016 23:20 (UTC +04:00)
“2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşmişlər”
İlham Əliyev: Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır

Bakı.Trend:

"2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşmişlər".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, neftin qiymətinin düşməsi bu gün də davam edir: "Biz 2016-cı ildə də bu prosesi müşahidə edirik. Son bir il ərzində neftin qiyməti 4 dəfə düşüb. Yəni, bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalıb. Təsəvvür edin, əgər hər hansı bir ailədə gəlirlər 4 dəfə aşağı düşürsə, əlbəttə ki, o ailədə ailə büdcəsinə yenidən baxılmalıdır. Təbii ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldaq. Buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilib".

İlham Əliyev vurğulayıb ki, Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında həm vəziyyətin təhlili, eyni zamanda, müvafiq tapşırıqlar verilib:

"Bu tapşırıqlar mütləq yerinə yetirilməlidir. Belə olan halda Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz templərini saxlayacaq və bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır. Biz əvvəllər bundan da çətin vəziyyətlərlə üzləşmişik. Azərbaycan xalqı və Azərbaycan dövləti buna oxşar bütün belə məqamlarda güclü iradə nümayiş etdirib. Biz müstəqil dövlət quruculuğu işində çox böyük uğurlara nail ola bilmişik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Bu, həqiqətdir, reallıqdır və bunu bütün göstəricilər təsdiqləyir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir".

Dövlət başçısı deyib ki, indiki dünya iqtisadi böhranını heç kim təsəvvür edə bilməzdi: "Heç kimin ağlına gələ bilməzdi ki, bir il ərzində neftin qiyməti 4 dəfə aşağı düşsün. Bir daha demək istəyirəm, dünya iqtisadiyyatı indi böhran içindədir, böyük ölkələrdə iqtisadi sahədə çox ağır proseslər gedir. Ancaq bununla belə dünya iqtisadiyyatı bu qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 4 dəfə aşağı düşsün. Burada təbii ki, başqa səbəblər, geosiyasi səbəblər də var. Ancaq bu, bugünkü müşavirənin mövzusu deyil. Əsas mövzu ondan ibarətdir ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxaq və bu istiqamətdə əlavə tədbirlər görülməlidir. İlk növbədə, islahatlar dərinləşməlidir, müvafiq tapşırıqlar verilib. Son həftə ərzində mən hökumət üzvləri ilə bir neçə müşavirə keçirmişəm, müxtəlif fikirlər, təkliflər səslənibdir və artıq bu təkliflərin icra edilməsinə başlanılıb.

Bugünkü müşavirədə əlavə tapşırıqlar veriləcək. Əminəm ki, bu tapşırıqlar yerinə yetirilərkən həm ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, əlbəttə ki, həm də insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcəkdir.

Mən Nazirlər Kabinetinin iclasında qeyd etmişdim ki, struktur islahatları dərinləşməlidir. Bu məsələlərlə bağlı artıq addımlar atılır. Əslində bu, daimi proses olmalıdır. Dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar və bu siyasətin çox böyük səmərəsi olsun. Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir. Əlavə tapşırıqlar verilibdir. Bu tapşırıqlar hazırda müzakirə olunur və yaxın vaxtlarda təkliflər veriləcəkdir".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının vəziyyəti çox möhkəmdir və müsbətdir:

"Bütün iqtisadi göstəricilər bunu göstərir. Hətta böhranlı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı artıb, kənd təsərrüfatı təxminən yeddi faiz artıb. Bizim valyuta ehtiyatlarımız yaxşı səviyyədədir. Valyuta ehtiyatlarımızı qoruyuruq. Xarici dövlət borcumuz çox aşağı səviyyədədir, təxminən 12 faiz səviyyəsindədir. Devalvasiyadan əvvəl isə 10 faizdən az idi. Yəni, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Bütün bu amilləri, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, hesab edirəm ki, biz xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Hesab edirəm ki, tezliklə bu məsələyə də baxılmalıdır. Mən şəxsən heç vaxt tərəfdarı deyildim ki, Azərbaycanın xarici dövlət borcu artsın. Çünki həmişə istəyirdim ki, 10 faizi keçməsin. Ancaq indiki vəziyyətdə nəzərə alsaq ki, bizdə bu səviyyə cəmi 12 faizdir, - bəzi inkişaf etmiş ölkələrdə 100 faizdir, 120 faizdir, 150 faizdir, - yəni, çox az ölkə tapılar ki, orada xarici borc bizdəki səviyyədə olsun. Bunu nəzərə alaraq deyə bilərəm ki, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi bizim üçün heç bir problem yaratmaz. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır".

Prezident bildirib ki, dövlət istiqrazlarının buraxılması məsələsinə də baxıla bilər: "Bu da beynəlxalq praktikada çox tez-tez baş verən hadisədir. Hətta bizimlə müqayisə edilməz dərəcədə daha da böyük həcmdə neft hasil və ixrac edən ölkələr buna gedirlər. Ən böyük neft ixrac edən ölkələr buna gedirlər, xarici maliyyə bazarlarından valyutanı cəlb edirlər. Ona görə biz də buna getməliyik. Burada heç bir problem yoxdur. Əslində, bu, imkan yaradacaq ki, biz iqtisadiyyata daha da böyük təkan verək".

İlham Əliyev deyib ki, əlbəttə ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır:

"Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik.

Əfsuslar olsun ki, bu gün biz ərzaq təhlükəsizliyini tam təmin edə bilməmişik. Bunun obyektiv səbəbləri var. Biz hələ ki, dünya bazarlarına qeyri-neft sektoru xətti, böyük ixrac malları ilə çıxa bilmirik. Bunun da səbəbi ondan ibarətdir ki, ilk növbədə biz idxalı azaltmalıyıq. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanda heç nə istehsal olunmurdu. Bütün istehlak malları, o cümlədən gündəlik tələbat malları xaricdən gəlirdi. Bu gün Azərbaycan böyük dərəcədə öz ehtiyaclarını ödəyir - həm tikinti materialları, həm ərzaq malları sahələrində. Ancaq bu yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun. Ona görə qeyri-neft sektorunun inkişafı sürətlə gedir və gedəcəkdir".

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcəkdir. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlarda qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır. İqtisadiyyat Nazirliyi 1 milyard 500 milyon manat həcmində investisiya layihələrini tərtib edib, hazırlayıb. Bu layihələr tezliklə icra edilməlidir. Hesab edirəm ki, Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət - bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir".

Prezident bildirib ki, beləliklə, qeyri-neft sektorunun inkişafı imkan verəcək ki, biz idxaldan asılı olmayaq: "Belə olan halda qiymətlərin tənzimlənməsi də lazımi səviyyədə təmin ediləcək. Mən qeyd etdim ki, biz görülən tədbirlər nəticəsində unun qiymətini əhəmiyyətli dərəcədə aşağı sala bildik. Ancaq biz özümüzü unla, taxılla tam təmin edə bilmirik. Ona görə müəyyən dərəcədə problemlər yaranır. Ancaq bu gün yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərməlidirlər. Dövlət öz tərəfindən lazımi tədbirləri görür. Fermerlər də bu işlərə fəal qoşulublar. Bank sektorunun əlbəttə ki, burada çox böyük rolu olacaq. Əminəm ki, bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bank sektoru bu sahəyə xüsusi diqqət göstərməlidir. Bu, mənim onlara göstərişimdir. Dövlət özəl banklara kömək göstərir, onları bəzi hallarda xilas edir. Onlar da öz növbəsində dövlətin maraqlarını təmin etməlidirlər. Onlar dövlətə lazım olan sahələrə investisiya yatırmalı, kredit verməlidirlər. Qeyri-neft sektoru dedikdə əlbəttə ki, mən ilk növbədə kənd təsərrüfatı, sənaye istehsalı və emal sənayesini nəzərdə tuturam. Bu istiqamətlərə əlavə vəsait də təmin edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti