...

ABŞ-ın Florida ştatında Azərbaycanın dünyada rolu müzakirə olunub

Siyasət Materials 30 Yanvar 2016 08:12 (UTC +04:00)
ABŞ-dakı yəhudi icmasının ən nüfuzlu təşkilatlarından biri sayılan Amerikan İsrail İctimai İşlər Komitəsinin (American Israel Public Affairs Committee - AIPAC) yanvarın 28-də Florida ştatının Mayami şəhərində baş tutmuş regional toplantısının əsas natiqi qismində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış etmişdir.
ABŞ-ın Florida ştatında Azərbaycanın dünyada rolu müzakirə olunub

Bakı. Trend:

ABŞ-dakı yəhudi icmasının ən nüfuzlu təşkilatlarından biri sayılan Amerikan İsrail İctimai İşlər Komitəsinin (American Israel Public Affairs Committee - AIPAC) yanvarın 28-də Florida ştatının Mayami şəhərində baş tutmuş regional toplantısının əsas natiqi qismində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov çıxış etmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, 500 nəfərlik auditoriya qarşısında təqdim etdiyi məruzədə səfir ilk növbədə Azərbaycanı dünya xəritəsində strateji əhəmiyyətə malik mühüm məkanlardan biri edən əsas amillər üzərində dayanmış və aralarında ABŞ konqresinin üzvləri, eləcə də yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu çoxsaylı iştirakçılara ölkəmizin dünya millətlər birliyində qazandığı yerdən söz açmışdır.

O, bu mənada Azərbaycanda dərin köklər salmış tolerantlıq mühitindən bəhs etmiş və müxtəlif etnik və dini qruplara mənsub insanların ölkəmizdə sarsılmaz bir vəhdət içərisində yaşadığını vurğulamışdır. Səfir o cümlədən əsrlər boyu Azərbaycanda məskunlaşmış yəhudi icmasının yerli cəmiyyətdən seçilmədən, rahat və təhlükəsizlik bir şəraitdə həyat sürdüyünü qeyd etmişdir.

Diplomat coğrafi mövqe ilə yanaşı, Azərbaycan xalqının bu məkanı bənzərsiz bir məmləkətə çevirdiyini bildirmişdir. Belə ki, səfir müsəlman Şərqində ilk demokratik parlament respublikasının məhz Azərbaycanda qurulduğunu, dini və etnik mənsubiyyətindən asılı olmayaraq əhaliyə eyni hüquqların tanındığını və dünyanın bir çox qabaqcıl ölkələrindən öncə qadınlara səsvermə hüququnun verildiyini söyləmişdir.

O, bu gün də ölkəmizdə dünyəvi və mütərəqqi dəyərləri təcəssüm etdirən tolerantlıq mühitinin möhkəmləndirilməsinin Azərbaycan rəhbərliyinin prioritet kimi müəyyən etdiyi sahələrin ön sırasında gəldiyini demiş və bu yanaşmanın özlüyündə ekstremizmə qarşı mübarizənin effektiv bir elementi olduğunu açıqlamışdır.

Daha sonra dünyada və regionumuzda gedən proseslərə toxunmuş səfir həmçinin ABŞ və İsrail ilə qurulmuş ikitərəfli tərəfdaşlıq və məhsuldar əməkdaşlıq barədə fikirlərini bölüşmüşdür.
AİPAC nümayəndələri öz növbələrində xüsusilə müsəlman dünyasında Azərbaycanın unikal tarix və ənənələrə malik olduğunu ifadə edərək, onun dünyada nümunə rolu oynadığını demiş və ölkə rəhbərliyinin apardığı praqmatik siyasət və ekstremizmə qarşı mübarizəni yüksək qiymətləndirmişlər.

Xəbər lenti

Xəbər lenti