...

ABŞ-ın Texas ştatında Xocalı qətliamı anıldı (FOTO)

Siyasət Materials 29 Fevral 2016 03:57
Fevralın 27-də ABŞ-ın Hyuston şəhərində yerləşən “Azərbaycan Mərkəzində” Xocalı qətliamının 24-cü ildönümünə həsr olunmuş və Xocalıya Ədalət kampaniyasına dəstək olan tədbir keçirilib.
ABŞ-ın Texas ştatında Xocalı qətliamı anıldı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Fevralın 27-də ABŞ-ın Hyuston şəhərində yerləşən "Azərbaycan Mərkəzində" Xocalı qətliamının 24-cü ildönümünə həsr olunmuş və Xocalıya Ədalət kampaniyasına dəstək olan tədbir keçirilib.

Tədbir iştirakçılarını salamlayan Mərkəzin prezidenti İradə Axundova 26 fevral 1992-cu ilin Azərbaycanlıların könüllərində ən kədərli tarix olduğunu deyərək, bu ağrı dolu günlərin canlı şahidi olduğunu söylədi. O, Azərbaycan xalqının Xocalı qətliamının qurbanlarına ədalət tələb etdiyini və buna bir gün nail olacağımıza inandığını bildirərək bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləyən və yanımızda olan bütün dostlarımıza təşəkkürünü bildirdi. İ.Axundova bu tədbirin artıq altıncı ildir ki, Hyustonda keçirildiyini və bu müddət ərzində burada bir sıra yerli qanunverici orqan və Texas ştatını ABŞ Konqresində təmsil edən üzvlərinin iştirak etdiyini, onlardan Azərbaycanın ədalətli mövqeyinə dəstək verildiyini dedi.

Tədbir iştirakçıları Xocalı qətliamı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Bundan sonra ADA Universiteti ilə Hyuston Universiteti arasında tələbə mübadiləsi proqramı çərçivəsində Hyustonda təhsil alan Azərbaycanlı tələbələr Turan Ağabəyli və Musa Quliyev 1992-cu ilin soyuq fevral günü Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışdılar.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının ABŞ-da Səfirliyinin müşaviri Məmməd Talıbov Xocalı qətliamının hər bir Azərbaycanlının qəlbində sızlayan yara və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu bildirdi. Azərbaycanlı diplomat Xocalı dəhşətlərinin bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması və regionumuzda sülhün və sabitliyin bərqərar olunmasının nə qədər vacib olduğunu göstərdiyini, buna nail olmanın yeganə yolunun isə Azərbaycan Respublikasının indiyə dək işğal altında qalan torpaqlarının azad olunması və öz doğma yurdlarından 24 ildir ki didərgin düşmüş qaçqın və məcburi köçkünlərin evlərinə qayıtmalarının təmin edilməsi olduğunu vurğuladı.

Bundan sonra çıxış edən Türkiyə Republikasının Hyuston şəhərində Baş konsulu Ferhat Alkan Xocalı qətliamının bəşəriyyət tarixində ən dəhşətli hadisələrdən olduğunu deyərək Türkiyə Hökuməti və bütün türk xalqı adından bu ağrını bölüşdüyünü və Xocalının günahsız qurbanlarının heç zaman unudulmayacağını söylədi. Türk Baş konsulu Azərbaycan Respublikası ərazisinin 20%-nin Ermənistan işğalı altında olduğunu və bu təcavüzün bir çox qara səhifələrlə yadda qaldığını, lakin bunlara baxmayaraq Azərbaycanın bu gün sülhpərvər, demokratik, uğurlu və güclü dövlətə çevrildiyini bildirdi.

ABŞ Konqresinin üzvü Əl Qrinin (Al Green) köməkçisi Sem Merçant çıxış edərək konqresmen Əl Qrinin Xocalı qətliamını tanıyan ABŞ Konqresinin ilk üzvlərindən olduğunu xatırladaraq onun adından Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirdi. S.Merçant eyni zamanda konqresmen adından "Azərbaycan Mərkəzinin" Azərbaycan mədəniyyəti, irsi və dostluğunun təşviq etdiyini təqdir edən sənədi təqdim etdi.

Texas ştatının senatoru Rodni Ellisin (Rodney Ellis) köməkçisi Ceyms Vinston senator tərəfindən imzalanmış Xocalı qətliamının anılmasına həsr olunmuş sənədi təqdim etdi.

Bundan sonra Hyuston şəhərində yaşayan Azərbaycanlı icmasının üzvü Sona Məmmədova Xocalı dəhşətlərilə bağlı hissləri ilə bölüşərək həmin hadisələr baş verdikdən sonra onların təsiri altında yazdığı poemasını oxudu.

Nəhayət mərasim iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı faciəsindən bəhs edən film nümayiş etdirildi.

Xəbər lenti

Xəbər lenti