...

Sofiyada Novruz bayramı geniş qeyd olunub (FOTO)

Siyasət Materials 19 Mart 2016 12:05 (UTC +04:00)
Paytaxt Sofiya şəhərinin ən mötəbər məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş tədbir keçirilmişdir.
Sofiyada Novruz bayramı geniş qeyd olunub (FOTO)

Bakı. Trend:

Paytaxt Sofiya şəhərinin ən mötəbər məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş tədbir keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, mərasimi giriş sözü ilə açan Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska qonaqları salamlayaraq Novruz bayramının ən qədim bayramlardan biri olduğunu söylədi, Novruzun yeni gün, yeni həyat mənasını daşıdığını, Novruzda həyatın yenidən canlandığını qeyd etdi.

Sonra çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova qədim tarixə və zəngin ənənələrə malik Novruzun üç minillikdən artıq müddət ərzində Avrasiya boyunca qeyd edildiyini söylədi. Novruz ənənələrindən danışan səfir bayram şənliklərinin müxtəlif ölkələrdə fərqli adətlərlə müşayiət olunmasına baxmayaraq, dünyada ümumi mənəvi mədəni irsə malik 300 milyondan artıq insanın Novruzu təntənəli şəkildə qeyd etdiyinə diqqət çəkərək, Novruzun sülh və ahəngdarlıq rəmzi olaraq insanlar arasında güclü körpü rolunu oynadığını vurğuladı.

Son on il ərzində Novruzun beynəlxalq səviyyədə tanınmasının sevindirici hal olduğunu söyləyən N.Qurbanova bu bayramın 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirdi. Azərbaycan və bu bayramı qeyd edən digər ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 21 mart tarixinin "Beynəlxalq Novruz günü" kimi elan edilməsindən iftixar hissi keçirdiyini bildirən səfir sözügedən qətnamənin BMT üzv dövlətlərini Novruzla bağlı mədəniyyətin qorunması, onun mənşəyi və ənənələrinin öyrənilməsi, bayram haqqında beynəlxalq səviyyədə maarifləndirmə fəaliyyətini təşviq etdiyini söylədi.

Bolqar xalqının da yazın başlanğıcını mart ayının 1-də "Baba Marta" bayramı ilə qeyd etməsinin sevindirici hal olduğunu söyləyən səfir Novruz və Baba Marta bayramlarının adətlərinin fərqliliyinə baxmayaraq, onların iki dost xalq arasında güclü mədəni əlaqələrin təşviq edilməsinə töhfə verəcəyinə əmin olduğunu bildirdi.

Çıxışının sonunda səfir N.Qurbanova 2016-cı ildə Azərbaycanda multikulturalizm ili elan edilməsinin aktuallıq kəsb etdiyini söyləyərək, bunun fərqli etnik, dini və irqi mənşəyə malik insanların sülh şəraitində birgə yaşaması və biri-birinin mədəniyyət və adətlərinə hörmətlə yanaşmasını özündə ehtiva etdiyini bildirdi.

Sonra Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan dilini öyrənən tələbələr Novruz bayramı və Azərbaycanda multikulturalizm ənənələrinə həsr edilmiş təqdimatla çıxış etdilər.

Bundan sonra məşhur bolqar bəstəkarı və dirijoru Kirill Lambovun rəhbərlik etdiyi musiqi orkestrin ifasında Azərbaycan klassiklərinin əsərləri və lirik mahnıları səsləndirilmişdir.

Tədbirin sonunda qonaqlara müxtəlif Azərbaycan təamları təqdim edilmişdir.

Tədbirdə Bolqarıstanın dövlət qurumlarının nümayəndələri, Bolqarıstan Xalq Məclisinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Bolqarıstan ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporasının üzvləri və Bolqarıstanda təhsil alan Azərbaycanlı tələbələr iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti