...

Fəxri konsul: Monteneqro biznes cəlbediciliyinə görə "Doing Business 2016" hesabatında 46-cı sırada yer alıb

Siyasət Materials 11 Avqust 2016 14:29 (UTC +04:00)

Bakı. Trend:

1992-ci ilədək keçmiş Yuqoslaviya Federasiyasının tərkibində, federasiyanın dağılmasından sonra isə 2006-cı ilədək Serbiya ilə ittifaqda olan Monteneqro həmin il iyunun 3-də müstəqilliyini elan edib.

10 ildir müstəqil siyasət yeridən və Avropanın mərkəzində yerləşən bu kiçik ölkə Dünya Bankının hazırladığı və 189 ölkədə biznes və sərmayə mühitinin əlverişliliyini qiymətləndirən "Doing Business 2016" hesabatında 46-cı sırada yer alıb. 13 812 kilometr ərazisi və 650 000 nəfər əhalisi olan Monteneqro hazırda Azərbaycan sərmayəsi üçün də çox əhəmiyyətli məkana çevrilib.

Monteneqronun biznes üçün belə əlverişli bir ünvana çevrilməsinin səbəblərini aydınlaşdırmaq və Monteneqro-Azərbaycan əlaqələri haqqında məlumat almaq üçün bu ölkənin Bakıdakı fəxri konsulu Vüqar Əliyevlə söhbətləşdik:

- Monteneqronun Azərbaycanın iş adamları üçün də əlverişli edən hansı özəllikləri var?

- Məlum olduğu kimi, Monteneqro bu il müstəqilliyinin bərpa olunmasının 10 illiyini qeyd edir. 2006-cı ildə Serbiyadan dinc yolla - referendumla ayrılan Monteneqro bu gün Balkanlarda sabit bir ölkə kimi inkişaf etməkdədir. Monteneqro ticarət, iqtisadi əməkdaşlıq əlaqələri qurmaq istəyən hər kəs üçün açıq bir ölkədir. Buranı çox zaman fürsətlər ölkəsi də adlandırırlar. Sərmayələr üçün sabit və cəzbedici məkandır. Ölkədə gerçəkləşməkdə olan özəlləşdirmələri izləmək kifayətdir ki, burada biznes üçün yaradılan əlverişli mühiti görəsən. Amma hər şeydən öncə Monteneqroya gedib oranı görmək lazımdır. Monteneqronun Azərbaycan Respublikasındaki fəxri konsulu kimi müraciət edənlərə istənilən mövzuda kömək göstərməyə və yardımçı olmağa həmişə hazırıq.

- Azərbaycanla Monteneqro arasında əlaqələr hansı səviyyədə inkişaf edib?

- Əvvəlcə onu qeyd edim ki, iki ölkə arasında yüksək səviyyəli siyasi münasibətlər digər sahələrdə də əməkdaşlığa mühüm zəmin yaradıb. Azərbaycanla Monteneqro arasında siyasi, iqdisadi, mədəni əlaqələr yüksək səviyyədədir. Artıq 4-cü ildir ki, yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa uçuşlar həyata keçirilməkdədir. Son 3 il ərzində 12000-dən artıq Azərbaycan vətəndaşı Monteneqroya turist qismində səfər edib. Podqoritsanın mərkəzi küçələrindən birinə Bakı adı verilib. Bu ölkədə Azərbaycanın çox gözəl imici formalaşıb. Monteneqro əhalisi bizə çox hörmətlə yanaşır. Eyni zamanda, Monteneqroda Azərbaycanın turizm potensialının ciddi təbliği qurulub. Bu ölkədə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi fəaliyyət göstərir.

- Azərbaycan vətəndaşları üçün Monteneqroya viza tələb olunurmu?

- Xeyr. Artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşları Monteneqroya vizasız səfər edə bilirlər. Səfər zamanı 90 gün vizasız qalma hüquqları var.

- Maraqlıdır, bu ölkə turizm üçün cəzbedici olan hansı potensial imkanlara malikdir?

- Turizm və xidmət sektorunda lider ölkə olaraq tanınan Monteneqro 700 000 nəfərə yaxın əhalisi olmasına baxmayaraq, turizmdə böyük ev sahibliyinə imza atır. Bura Adriatik sahilinin incisi adlanır. Ölkəni ziyarət edən turist sayı 2015-də 1.6 milyondan artıq olub. Yəni əhalisindən təxminən üç qat daha çox turist qəbul edir. Dövlət büdcəsinin yarısından çoxu turizmdən gələn gəlir hesabına formalaşır. Özəlliklə Budva, Kotor, Bar və Ulcinj yay tətillərində Avropadan, Azərbaycandan və digər ölkələrdən gələn turistlərin adətən ən çox sevdiyi və ziyarət etdiyi yerlərdir. Qeyri-adi özəlliyi ilə fərqlənən, turizm mərkəzi olan Monteneqronu tətil etmək istəyənlər üçün məsləhət görürəm. Sadəcə, yay və dəniz turizmi baxımından deyil, eyni zamanda Monteneqro Balkanlarda bənzərsiz kanyonları ilə, milli park və alpinistlik turizmi ilə öndə gələn ünvanlardan biridir. UNESCO tərəfindən qorunma altına alınan kanyon və milli parklar Monteneqronun bənzərsiz turizm mərkəzləridir. Durmitor Milli Parkı, Biogradska Gora Milli Parkı, Prokletije Milli Parkı, İşkodra Gölü Milli Parkı, Lovcen Milli Parkı kimi yerlər də buraya daxildir. Sveti Stefan adası və Herceg Novi də ekzotika həvəskarı olan turistlərin sevimli ekskursiya ünvanlarındandır. Vətəndaşlarımıza Bakıdan birbaşa cəmi 3,5 saatlıq ucuş məsafəsində yerləşən bu əsrarəngiz məkanı ziyarət etməyi tövsiyə edirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti