...

Məzahir Pənahov: Seçkilərə kölgə sala biləcək hər hansı qanun pozuntusu ilə bağlı MSK-ya müraciət daxil olmayıb (YENİLƏNİB)

Siyasət Materials 26 Sentyabr 2016 14:39 (UTC +04:00)
İndiyədək seçkilərə kölgə sala biləcək hər hansı qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.
Məzahir Pənahov: Seçkilərə kölgə sala biləcək hər hansı qanun pozuntusu ilə bağlı MSK-ya müraciət daxil olmayıb (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva-Trend:

İndiyədək seçkilərə kölgə sala biləcək hər hansı qanun pozuntusu ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə deyib.

M.Pənahov Bakıda bəzi seçki məntəqələrində seçki qutularında çox sayda bülletenlərin olmasına da münasibət bildirib.

Onun sözlərinə görə, saat 9-da qutuda bülletenlərin olmasında problem yoxdur: "Çünki seçki saat 8:00-da başlayır. Buna görə də burada qeyri-adi heç nə yoxdur. Əgər doğrudan da hansısa qanun pozuntusu qeydə alınıbsa və təsdiqlənibsə, əmin ola bilərsiniz ki, biz hansısa qanun pozuntusuna göz yummayacağıq. Ötən seçkilərdə onlarla məntəqələrin nəticələri ləğv edilib. Dünyanın hər bir yerində milyonlarla insanın iştirakı ilə baş verən tədbirlərdə qanun pozuntularının olmasından heç kəs sığortlanmayıb. Heç kəs demir ki, bizim seçkilər ideal gedəcək və bir pozuntu olmayacaq".

MSK sədri deyib ki, qurumun qaynar xətti daim açıqdır: "Müşahidəçilər də yerlərdə sərbəst şəkildə müşahidə apara biliblər. Seçici fəallığı çox yüksəkdir. Bu da sevindiricidir. Bu fəallıq şəhərdə daha çoxdur. Adətən şəhərdə əyalətlərlə müqayisədə müəyyən qədər az olur. Lakin əvvəlki illərlə müqayisədə fəallıq var".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti