...

Batumidə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 19 Oktyabr 2016 16:41 (UTC +04:00)
Batumidə Müstəqillik Gününün 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Batumidə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

18 oktyabr - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu tərəfindən təntənəli tədbir keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Avtandil Beridze, Batumi şəhərinin meri Qiorqi Ermakov, kənd təsərrüfatı naziri Laşa Komaxidze, təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaişvili, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Türkiyənin baş konsulu Yasin Temizkan, İranın baş konsulu Hüseyn Məşhədi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, “Acara TV-nin baş redaktoru Soso Sturua, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Açılış nitqində baş konsul Rəşad İsmayılov 18 oktyabr - Müstəqillik Gününün müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu bildirib. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı sözün həqiqi mənasında xilas edib:

"Dağılmaqda, məhv olmaqda olan Azərbaycanın Heydər Əliyevin qayıdışı ilə yeni bir dövrü başlayıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatların, yürütdüyü siyasətin nəticəsində Azərbaycan bütün dünyaya tanınıb. Ulu Öndər hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanıb, ilk dəfə olaraq ölkənin konstitusiyası qəbul olunub, bütün sahələrdə islahatların keçirilməsinə şərait yaradılıb. Sevindirici haldır ki, Ulu Öndərin ideyaları bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır".

Tədbir ziyafət və klassik musiqi proqramı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti