...

Baş konsul: Heydər Əliyev Azərbaycan xalqına qüdrətli bir dövlət əmanət qoyub (FOTO)

Siyasət Materials 12 Dekabr 2016 10:20 (UTC +04:00)
ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib.
Baş konsul: Heydər Əliyev Azərbaycan xalqına qüdrətli bir dövlət əmanət qoyub (FOTO)

Bakı. Trend:

ABŞ-ın Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, aksiyada Los Ancelesdə yaşayan kimsəsiz və evsiz şəhər sakinləri üçün süfrə açılaraq, isti yeməklər paylanıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə keçirilən tədbir, ABŞ-ın ən böyük xeyriyyə təşkilatlarından olan “Los Anceles Missiyası”nda təşkil olunub. Aksiya zamanı Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Baş Konsulluğun əməkdaşları Los Anceles Missiyasının könüllülərinə qoşularaq, kimsəsiz və evsiz-eşiksizlərə yeməklərin paylanmasında iştirak ediblər.

Tədbirdən öncə baş konsul N.Ağayev “Los Anceles Missiyası”nın rəhbəri Herb Smit ilə görüşüb. Görüş zamanı H.Smit rəhbərlik etdiyi təşkilatın Heydər Əliyevin xatirəsilə bağlı Baş Konsulluq tərəfindən təşkil olunmuş xeyriyyə aksiyasına artıq ikinci dəfə ev sahibliyi etdiyini, bu aksiyanın artıq Los Ancelesdə yaxşı bir ənənəyə çevrildiyini və nümunəvi humanist təşəbbüs kimi rəğbətlə qarşılandığını bildirib. Ötən müddət ərzində Azərbaycan ilə daha yaxından tanış olmaq fürsəti əldə etdiyini vurğulayan H.Smit Heydər Əliyevin öz xalqına fədakarcasına xidmət edən, dini tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə böyük önəm verən və humanizm prinsiplərini daim yüksək tutan görkəmli dövlət xadimi olduğunu qeyd edib. H.Smit həmçinin vurğulayıb ki, bu gün Azərbaycan növbəti dəfə yoxsul və kimsəsiz insanlara qucaq açaraq, onlara isti münasibət və qayğıkeşlik göstərir və bir çoxlarına gözəl bir nümunə olur.

Öz növbəsində baş konsul N.Ağayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini, mərhum Ümummilli Liderin əvəzsiz xidmətlərinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti