...

20 Yanvar şəhidləri Aktauda yad edilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2017 12:47 (UTC +04:00)
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirib.
20 Yanvar şəhidləri Aktauda yad edilib  (FOTO)

Bakı. Trend:

Yanvarın 18-də Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyəti ilə birgə 20 yanvar şəhidlərinin anım mərasimi keçirib. Konsulluqdan Trend-ə verilən məlumata görə, mərasimdə Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri ilə yanaşı, Aktau şəhərində fəaliyyət göstərən digər diplomatik nümayəndəliklərin rəhbərləri və üzvləri, Aktau şəhər ictimaiyyətinin nümayəndələri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, yerli kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir keçirilən zalda 20 yanvar şəhidlərin xatirəsinə foto-kompozisiya yaradılmış, tədbir öncəsi 20 yanvar şəhidlərinə həsr olunmuş simfonik musiqi səsləndirilib. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 yanvar faciəsinin baş vermə səbəblərindən danışıb və Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd edib. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, Ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən qiymətdən danışıb.

Sonra Türkiyənin Aktau şəhərindəki Baş konsulu Korhan Kürgeri, Manqistau vilayətindəki azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev, professor Yusif Quliyev, Manqistau vilayət ağsaqqallarından və ictimaiyyət arasında nüfuzlu şəxslərindən olan Sarsenbay Tulebayev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd ediblər. Şair Rövşən Həsənli isə 20 yanvar şəhidlərinə həsr etdiyi şeiri səsləndirib.

Çıxışlardan sonra 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirildi.

Rəsmi hissədən sonra 20 yanvar şəhidlərinin ruhuna azərbaycanlı iş adamları Kərim Hüseynov və Əliəşrəf Allahverdiyev tərəfindən təşkil olunmuş ehsan süfrəsi açılıb, dualar oxunub. 20 yanvar şəhidlərinin xatirəsi ilə bağlı ehsan payları həmçinin Aktau şəhərində yaşayan az təminatlı ailələrə də paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti