Bakı. Trend:
Bu gün xarici jurnalistlərin Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.
Bu barədə Trend-ə XİN-dən məlumat verilib.
Məlumatda bildirilir ki, 30 yanvar 2017-ci il tarixində ölkə rəhbərinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqlara uyğun olaraq, bu gün Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizdə akkreditasiya olunmuş xarici kütləvi informasiya vasitələri nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfərdə Reuters, Associated Press, Anadolu və İhlas agentlikləri, TRT, İran Radio və Televiziya Təşkilatı, Eurasianet, Ria-Novosti, Sputnik, İnterfaks Azərbaycan, Efe və digər media nümayəndələri iştirak edir.
Səfər zamanı kütləvi informasiya vasitələri nümayəndələrinə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri, bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları barədə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və yerli icra strukturları nümayəndələri tərəfindən yerində ətraflı məlumat təqdim olunub və jurnalistləri maraqlandıran suallara cavab verilib. Həmçinin, KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar.
KİV nümayəndələri 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda, bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.