...

İlham Əliyev: Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi

Siyasət Materials 9 Fevral 2017 14:53 (UTC +04:00)
Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi.
İlham Əliyev: Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi

Bakı. Trend:

Ermənistanın növbəti təxribat törətməkdə məqsədi üzv olduğu təşkilatı bu işə cəlb etmək idi.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.

İlham Əliyev bildirib ki, dekabr ayındakı növbəti təxribatın məqsədi aydın idi: “Çünki keçən ilin aprel ayında erməni silahlı qüvvələri bizə qarşı silahlı təxribat göstərməyə cəhd etmişdilər. Ancaq bu təxribat nəticəsində özləri peşman oldular. Azərbaycan Ordusu onlara elə bir zərbə vurdu ki, bu günə qədər də özlərinə gələ bilmirlər. Aprel döyüşlərindən sonra nəinki Ermənistan ordusu, Ermənistan dövləti silkələndi, generallar vəzifələrini itirdilər, Ermənistan cəmiyyətində təşviş hökm sürürdü və bu gün də davam edir”.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib, indi o torpaqlarda bərpa işləri aparılır və Azərbaycan vətəndaşları o torpaqlara qayıdacaqlar:

“Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, çox çalışdı ki, Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələ ilə bağlı mövqeyini bildirsin. Halbuki bunun üçün heç bir hüquqi əsas yoxdur. Biz öz torpağımızdayıq, bizim Ermənistan torpağına iddiamız yoxdur, baxmayaraq ki, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Ancaq biz öz torpağımızı heç kimə verən deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir”.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər:

“Apreldən sonra Ermənistan müxtəlif yollarla çalışırdı ki, bu məsələyə digər ölkələri cəlb etsin. Ancaq onların bütün səyləri boşa çıxdı, heç bir nəticə vermədi. Məhz Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatın törədilməsi bu məqsədi güdürdü ki, Ermənistan üzv olduğu təşkilatı bu işə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingizin simasında bir daha qəhrəmanlıq göstərdi. Ona görə ki, Ermənistan bir daha gördü ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpaolunmaz zərbə vura bilər və belə də oldu. Biz öz torpağımızı müdafiə edirik, bizim işimiz haqq işidir”.

İlham Əliyev bildirib ki, bu məsələdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, bu bizim ümumi məsələmizdir və biz haqlıyıq:

“Çünki həm tarix, həm də beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda bu gün Azərbaycan Ermənistanla müqayisədə qat-qat üstün ölkədir - təkcə iqtisadi və hərbi potensialına görə yox. Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti