Bakı. Trend:
Efiopiyanın aparıcı mətbuat orqanı olan “Addis Zemen” dövlət qəzetində 19 fevral 1937-ci il tarixində Əddis-Əbəbədə və 26 fevral 1992-ci il Xocalıda Efiopiya və Azərbaycan xalqlarının üzləşdiyi faciələrdən bəhs edən “Əddis-Əbəbə və Xocalıda törədilmiş soyqırımlarının anılması” adlı məqaləsi (amhar dilində) dərc olunub.
Trend-in məlumatına görə, məqalədə efiopiyalı jurnalist Ayenaçu Eşetu fevral ayının həm Efiopiya, həm də Azərbaycanda qanlı hadisələrlə tarixə düşdüyünü qeyd edərək, Əddis-Əbəbədə və Xocalıda baş vermiş hadisələr arasında oxşar parallelərin aparılmasına nail olur.
Məqalədə jurnalist A.Eşetu 80 il əvvəl Efiopiyada o vaxtkı faşist italyan ordusunun komandiri, general Adolfo Qrasianiyə uğursuz sui-qəsd cəhdindən sonra, faşistlər tərəfindən Əddis-Əbəbə şəhərində 30 minə yaxın efiopların vəhşicəsinə öldürülməsi barədə oxucuların diqqətinə çatdırılır.
Həmçinin məqalədə ermənilərin 26 fevral 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər barədə məlumat verilərək, dinc sakinlərin, o cümlədən uşaqların, qadınların və yaşlıların xüsusi amansızlaqla qətl edilmələrinə dair həqiqətlər haqqında bəhs edilir. Əddis-Əbəbə Universitetinin Hüquq fakültəsinin doktoru Abera Neqavoya istinad edən jurnalist, məqalədə ermənilərin Xocalıda həyata keçirdiyi qəddar əməlləri faşistlərin Əddis-Əbəbədə törətdikləri əməlləri ilə bərabər tutur. Hüquqşünas məqalədə hər iki cinayətin BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya əsasən soyqırım kimi hesab olunduğunu vurğulayır.
Məqalədə Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyi tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə Əddis-Əbəbədə təşkil olunmuş ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin təqdimatı barədə məlumat verilərək, 26 fevral tarixinin Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacağını qeyd edilir.