...

Prezident İlham Əliyev və xanımı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak ediblər (YENİLƏNİB-3) (FOTO)

Siyasət Materials 5 May 2017 10:01 (UTC +04:00)
Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak ediblər (YENİLƏNİB-3) (FOTO)

Bakı. Trend:

Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.

Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Əvvəlcə birgə foto çəkdirildi.

Dövlətimizin başçısı Forumun açılış mərasimində nitq söylədi.

Prezident İlham Əliyev bu Forumun artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrildiyini bildirdi. Forumda 120-dən artıq ölkədən 800-dən çox nümayəndənin iştirak etdiyini deyən dövlətimizin başçısı mötəbər beynəlxalq qurumların Forumun tərəfdaşları qismində çıxış etdiklərini diqqətə çatdırdı.

Əsrlərboyu ölkəmizin sivilizasiyaların qovuşuğunda yerləşdiyini deyən Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun hazırda dünyada ən vacib məsələlərdən biri olduğunu vurğuladı. Bu Forumun xalqımızın mədəni müxtəlifliyini və qədim tarixini nümayiş etdirdiyini diqqətə çatdıran dövlətimizin başçısı onu da bildirdi ki, ölkəmiz qədim dini ibadət ocaqları ilə zəngindir və onların hamısı dövlət tərəfindən qorunur. “Multikulturalizm Azərbaycanda dövlət siyasəti və bizim həyat tərzimizdir”, - deyən Prezident İlham Əliyev 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirdi.

Son illərdə bəzi siyasətçilərin multikulturalizmin gələcəyinin olmaması ilə bağlı səsləndirdiyi fikirlərin əksinə olaraq Prezident İlham Əliyev bəyan etdi ki, bu, dünyanın gələcəyini xilas etmək üçün yeganə yoldur və bu mənada Azərbaycanın təcrübəsinin maraqlı olduğunu diqqətə çatdırdı. 2008-ci ildən başlayaraq həyata keçirilən “Bakı prosesi”nin əhəmiyyətindən və bu çərçivədə həyata keçirilən tədbirlərdən danışan dövlətimizin başçısı 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirildiyini, bu il isə paytaxtımızın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirdi və bunun da bir daha ölkəmizin sivilizasiyalar arasındakı rolunu təsdiqlədiyini diqqətə çatdırdı.

Ölkəmizin 25 illik müstəqillik dövründə bir çox uğurlara imza atdığını deyən Prezident İlham Əliyev Azərbaycanın qarşısında duran ağrılı problemdən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışdı. Bildirdi ki, bu münaqişə nəticəsində ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan çox insan qaçqın-köçkün vəziyyətinə düşüb, etnik təmizləmə siyasəti aparılıb, maddi-mədəniyyət nümunələri dağıdılıb, münaqişənin nizamlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi hələ də icra olunmayıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn normalarına uyğun olaraq həll edilməsinin vacibliyini bir daha vurğulayan Prezident İlham Əliyev nitqində Azərbaycan tərəfdən həyata keçirilən iri layihələrdən də danışdı, “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini diqqətə çatdırdı.

Prezident İlham Əliyev ölkəmizdə iqtisadi inkişafla bağlı həyata keçirilən tədbirlərdən, işsizliyin aradan qaldırılması, təhsil sektorunun müasirləşdirilməsi sahəsində görülən işlərdən danışdı.

Nitqinin sonunda Prezident İlham Əliyev Forumun dünyanı narahat edən çağırışlar yönündə səylərin birləşdirilməsi baxımından çox əhəmiyyətli olduğunu diqqətə çatdırdı və Forumun işinə uğurlar arzuladı.

UNESCO-nun baş direktoru xanım İrina Bokova Forumda iştirak etməkdən məmnun olduğunu bildirdi, Prezident İlham Əliyevə və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya mədəniyyətlərarası dialoqa verdikləri önəmə görə minnətdarlıq etdi. Bu gün dünyada baş verən toqquşmaların böyük təhlükələr doğurduğunu, bu baxımdan da qlobal həmrəyliyə ciddi ehtiyacın yarandığını deyən UNESCO-nun baş direktoru onu da vurğuladı ki, mədəniyyətlərarası dialoqa xidmət edən prinsiplərin qorunması, zorakı ekstremizmə qarşı mübarizənin gücləndirilməsi vacibdir və mədəni müxtəliflik bəşəriyyət üçün qürur mənbəyi olmaqda qalmalıdır.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə etdi, ötən il BMT-nin Bakıda keçirilən Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun uğurla baş tutduğunu bildirdi. O, BMT-nin Sivilizasiyalar Alyansının Bakı Forumuna dəstək verdiyini deyərək hərbi münaqişələrin qarşısının alınması yolu ilə dünyada sülhün təşviq olunmasının vacibliyini vurğuladı. BMT-nin qlobal terrorizmə qarşı mübarizə strategiyasının tərkib hissəsi kimi dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasında mədəniyyətlərarası dialoqun xüsusi əhəmiyyətini vurğulayan Nassir Abdulaziz Al-Nasser davamlı inkişaf məqsədlərinin tam icrasında hamını səfərbər olmağa çağırdı və bu hədəflərə çatmaq yolunda Azərbaycana mühüm tərəfdaş kimi baxdıqlarını qeyd etdi.

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai də Azərbaycan Prezidentinə bu Foruma verdiyi dəstəyə görə minnətdarlıq etdi. O, son illərdə Bakının inkişafı ilə bağlı görülən işləri yüksək qiymətləndirdi. Forumun qlobal liderlərin qarşısında mühüm öhdəliklər qoyduğunu və onların həllinin vacibliyini diqqətə çatdıran BMT rəsmisi dünyada ən böyük areala malik turizm sektorunun inkişafı ilə bağlı qarşıda yeni vəzifələr durduğunu dedi. O, insanların səyahət hüquqlarının qorunması və təbliğ olunması ilə bağlı görülən işlərdən danışaraq bu sahədə yeni strategiyaların tətbiqinin vacibliyini vurğuladı.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin mədəni müxtəlifliyin önəmini vurğuladı və bu Forumun keçirilməsinin qarşıda duran vəzifələrin icra edilməsində mühüm addım olduğunu bildirdi. İslam Əməkdaşlıq Təşkilatının dinlər və mədəniyyətlərarası dialoqa dəstəyini bundan sonra da davam etdirəcəyini deyən Yusif Əl-Osaymin bununla bağlı təşkilatın müvafiq planlarının olduğunu vurğuladı.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm səylər göstərdiyini, Bakının bu prosesdə vacib rol oynadığını, münaqişələrin və gərginliyin davam etdiyi dünyada Azərbaycanın bir ahəngdarlıq məkanı olduğunu bildirdi. O, ISESCO-nun dünyada anlaşmaya nail olunmasına çalışdığını bildirərək bu məsələdə avropalı tərəfdaşlarla səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırdı.

Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoni də Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq platformasına verdiyi dəstəyi yüksək qiymətləndirdi. O, Avropa Şurası tərəfindən bu sahədə həyata keçirilən tədbirlərdən danışdı, mədəniyyətlərarası dialoqun Avropanın demokratik təhlükəsizliyinin təmin edilməsində mühüm amil olduğunu bildirdi.

Sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın müraciəti səsləndirildi. O, müraciətində bu Forumun insanlar arasında mədəni körpülərin qurulmasına xidmət etdiyini bildirir, dünyada kənd təsərrüfatının inkişaf etdirilməsinin, insanların ərzaq və qida ehtiyacının ödənilməsinin əhəmiyyətini vurğulayır. Azərbaycanın dəstək verdiyi bu Forumun təşəbbüslərinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən dəstəkləndiyini bəyan edir.

Forum işini plenar sessiyalarla və panel müzakirələrlə davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti