...

İndoneziyada "28 may - Respublika Günü" qeyd edilib

Siyasət Materials 16 May 2017 17:34 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın İndoneziyadakı səfirliyi 28 may - Respublika Günü münasibəti ilə “Hotel İndonesia Kempinski Jakarta” mehmanxanasında rəsmi qəbul keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə İndoneziya hökumətini ölkənin inzibati və bürokratik islahatlar naziri Asman Abnur əsas qonaq qismində təmsil edib.

Bundan əlavə qonaqlar sırasında İndoneziyanın ərazi və şəhərsalma naziri Sofyan Cəlil, xarici işlər nazirinin birinci müavini Mohammad Faxir, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Qatot Deva Broto, Korporativ, Kiçik və Orta Müəssisələr Nazirliyinin fond idarə agentliyinin rəhbəri Kemas Daniyel, İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri, parlamentin digər üzvləri, QHT rəhbərləri, müxtəlif iş adamları, İndoneziyada fəaliyyət göstərən diplomatik missiyaların rəhbər və nümayəndələri, eləcə də KİV nümayəndələri yer alıb.

Hər iki ölkələrin dövlət himnləri ilə açılan tədbirdə ilk olaraq səfir Tamerlan Qarayev çıxış edib. Sovet İttifaqının ləğv olunmasından 26 il keçdiyi halda, nə üçün Azərbaycan Respublikasının 99-cu ildönümünün qeyd olunması barədə çoxlarını maraqlandıran suala cavab olaraq, səfir 1918-ci ildə təsis olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin qısa tarixi, şərqdə təsis olunmuş ilk demokratik respublika olması, qadınların təmsil olunduğu ilk Milli Məclisə malik olması və digər məxsusi xarakterlərindən bəhs edib və vurğulayıb ki, 1991-ci ildə yenidən müstəqillik qazanmış hazırki Azərbaycan Respublikası 1918-ci ildəki Azərbaycan Demokratik Respublikasının dirçəlişidir. Daha sonra səfir, İndoneziyanın Azərbaycan müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu, 25 il əvvəl 1992-ci ilin sentyabr ayında isə iki ölkə arasında diplomatik əlaqələrin yaradıldığını qonaqlara çatdırıb.

Daha sonra səfir T.Qarayev müstəqilliyimizin ilk anlarından Ermənistanın ölkəmizə qarşı apardığı təcavüz və nəticədə Ermənistan tərəfindən ərazilərimizin 20%-nin işğal olunmasına baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini, müstəqil Azərbaycan Respublikasının hazırkı inkişaf tarixinin ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulduğundan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiyindən bəhs edib, Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyi və hal-hazırda Bakıda davam edən 4-cü İslam Həmrəyliyi Oyunları, iyun ayında baş tutacaq “Formula 1” yarışları, 2015-ci ildə isə keçirilmiş Birinci Avropa Oyunları, Azərbaycan dövlətinin təşəbbüs və təşkil etdiyi beynəlxalq mədəniyyətlərarası dialoq və forumlar, eləcə də ümumdünya sülh, əməkdaşlıq və inkişafa töhfə verən digər layihələrdən söz açıb.

Çıxışın sonunda Azərbaycan-İndoneziya ikitərəfli əlaqələr haqqında iştirakçılara qısa məlumat verib.

İndoneziyanın inzibati və bürokratik islahatlar naziri Asman Abnur öz növbəsində cari ildə İndoneziya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü olduğunu, İndoneziya-Azərbaycan ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, ötən illərdə xüsusən enerji sektorunda ikitərəfli əlaqələrin güclü inkişaf etdiyini, digər sahələrdə, o cümlədən turizm, ticarət kimi sahələrdə böyük potensialın olduğunu vurğulayıb, hazırda xüsusilə də ictimai (vətəndaşlara) xidmətlərin göstərilməsi sahəsində məşhur Azərbaycan brendi, 2015-ci il BMT İctimai Xidmət Mükafatına layiq görülmüş “ASAN xidmət”dən bəhs edib və bu sistemin İndoneziyada da tətbiq edilməsi istiqamətində Azərbaycan tərəfi ilə əməkdaşlıq yaradılmasına doğru fəaliyyətin davam etdiyini bildirib.

Tədbirdə iştirakçılar üçün hazırda davam edən “Bakı 2017” 4-cü İslam Həmrəyliyi Oyunları, Birinci Avropa Oyunları, Formula 1 yarışları, ölkəmizin turizm potensialı, Azərbaycanın tarixi-mədəni irsi, habelə Ermənistanın işğalı altında olan ərazilərimizdə tarixi və mədəni irsimizin dağıdılması haqqında videomaterial və çarxlar nümayiş etdirildi, qonaqlara “Bakı” və “İRS” jurnalları, eləcə də ölkəmiz haqqında digər müxtəlif nəşr və materiallar paylanılıb.

Tədbir haqqında məlumat İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyinin rəsmi internet səhifəsində də yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti