...

İtaliyada keçirilən beynəlxalq konfransda Azərbaycanla bağlı panellər təşkil olunub (FOTO)

Siyasət Materials 17 İyul 2017 17:06 (UTC +04:00)
İtaliyada keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycanla bağlı panellər təşkil olunub.
İtaliyada keçirilən beynəlxalq konfransda Azərbaycanla bağlı panellər təşkil olunub (FOTO)

Bakı. Trend:

İyulun 13-16-da İtaliyanın Trentino-Alto Adige regionunda “Nodo di Gordio” beyin mərkəzi tərəfindən dünyadakı geosiyasi və iqtisadi proseslərin təhlilinə həsr olunmuş 14-cü illik konfrans keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, “Dünyanın böyük xəritəsi: yerli və qlobal qovşaqlar” konfransı çərçivəsində “Nodo di Gordio”nun rəhbəri Daniele Lazzeri, mərkəzin baş tədqiqatçıları, tanınmış alim və jurnalistlər Andrea Marcigliano və Gianni Bonnininin moderatorluğu ilə Azərbaycanla bağlı “Azərbaycan: Odlar Diyarı”, “Roma Bakıya doğru baxır” və “Trans Adriatik Boru Kəməri və İtaliyanın milli maraqları” adlı panellər təşkil olunub.

Panellər çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın xarici siyasətinin prioritetləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji və infrastruktur layihələri, regional təhlükəsizlik, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin multikulturalizm ənənələri, Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəniyyət sahələrində əməkdaşlıq mövzuları barədə danışıb.

TAP-ın İtaliya ofisinin rəhbəri Micchele Elia və “Finmeccanica-Leonardo” şirkətinin sabiq prezidenti Pierfrancesco Guarguaglininin çıxışları TAP qaz boru kəmərinin İtaliya hissəsinin çəkilməsi işləri üzrə vəziyyət və bu layihənin İtaliyanın enerji təhlükəsizliyinə faydası mövzularına həsr olunub.

Mədəni abidələrin mühafizəsi üzrə ekspert Anna Schavezzon və incəsənət tarixi üzrə tədqiqatçı Laura Facchin isə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, memarlığı, Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq mövzularına toxunublar.

Sosial media vasitəsilə canlı yayımlanan bu müzakirələr İtaliya mətbuatının diqqət mərkəzində olub və “İl Giornale”, “L’Opinione”, “IntelligoNews” və sair kimi aparıcı qəzetlərdə müzakirələr işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti