Bakı. Trend:
Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun komitə iclaslarında iştirak etmək üçün sentyabrın 17-dən 20-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.
Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsində insan hüquqlarının qorunması, diskriminasiyadan yayınma, iqtisadiyyatda qadın hüquqlarının gücləndirilməsi, uşaqlar arasında gender bərabərliyinin təbliği, Avropada zorakı evliliklər kimi aktual məsələlər gündəmdə olacaq.
Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitədə isə əsasən uşaq hüquqlarının vəziyyəti müzakirə olunacaq. Yetim qalmış miqrant uşaqların övladlığa verilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi, miqrant uşaqların orta məktəblərdə təhsilə cəlb olunması vacibliyi, AŞ-ın üzv dövlətlərində ailəvi qruplaşmalar, miqrasiya böhranında qaçqın və məcburi köçkünlərin hüquqları mövzularında müzakirələr aparılacaq.
Deputatımız hər iki komitənin iclaslarında baxılan məsələlərə münasibət bildirəcək.
Sentyabrın 20-də Sahibə Qafarova Norveçin paytaxtı Oslo şəhərinə səfərə yola düşəcək. AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri qismində fakt-araşdırıcı missiyaya rəhbərlik edəcək.
Səfər sentyabrın 23-də başa çatacaq.