Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın Avropa Şurasından (AŞ) çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı Turbyern Yaqlandın Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunması istəyinə münasibət bildirərkən deyib.
Deputat hesab edir ki, beynəlxalq və regional təşkilatlarda çalışan bəzi şəxslər Azərbaycanla hökm, təzyiq dili ilə danışmamalıdırlar:
"Beynəlxalq və regional təşkilatlarda çalışan bəzi şəxslərin Azərbaycanla hökm, təzyiq dili ilə danışma haqları yoxdur. Azərbaycan ilə əməkdaşlıq etməkdə fayda var. Azərbaycanın Avropa Şurasından çıxarılmasını istəyənlər təşkilatın nə qazanıb, nə itirəcəyini də düşünməlidirlər. Ən azı Rusiya ilə olan münasibətlərin təcrübəsini xatırlamalıdırlar. Həm də Yaqland bütün Avropa Şurası demək deyil".
Qeyd edək ki, AŞ-nın Baş Katibi Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarı ilə məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına əsasən “siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL təşkilatının rəhbəri İlqar Məmmədovu azadlığa buraxmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil olan ölkə səfirlərinin iclasında Yaqland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına səbəb ola bilər.