...

Prezident İlham Əliyev: Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil (YENİLƏNİB-2)

Siyasət Materials 23 Yanvar 2018 17:09 (UTC +04:00)
Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil
Prezident İlham Əliyev: Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil (YENİLƏNİB-2)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda deyib.

Dövlətimizin başçısı qeyd edib: "Məncə, hər bir ölkə üçün qonşularla münasibətlər prioritet olmalıdır, xüsusilə də bizim regionda. Azərbaycanda daxili risk və ya təhdidlər mövcud deyil və biz sərhədlərimiz boyu təhlükəsizliyimizi təmin etməliyik".

İlham Əliyev bildirib ki, ən yaxşı yol öz ölkənin milli maraqlarına əsaslanaraq, eyni zamanda, qonşu dövlətlərin maraqlarını anlamaqla olduqca praqmatik və səmimi münasibətlərin qurmaqdır: "Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə - Xəzərin digər sahilində yerləşən Qazaxıstan və Türkmənistan daxil olmaqla, Gürcüstan, Türkiyə, İran və Rusiya ilə çox yaxşı münasibətlərə malikdir. Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var".

Prezident vurğulayıb ki, Azərbaycan müstəqillik baxımından gənc ölkəyik - cəmi 26 yaşı var: "Ancaq hesab edirəm ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu, ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlətin maraqlarına zidd deyil".

Dövlət başçısı əlavə edib ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir: "Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır.Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti