Bakı. Trend:
Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynovun 95 illik yubileyi ilə əlaqədar dövlətimizin başçısının sərəncamı ilə təltif edildiyi “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nun fevralın 1-də yubilyara təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Respublika Veteranlar Təşkilatının rəhbərliyi, veteranlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Prezidentin köməkçisi Əli Həsənov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynova təqdim edib.
Mərasimdə çıxış edən Əli Həsənov general-polkovnik Tofiq Ağahüseynovun Azərbaycanda ordu quruculuğu və Silahlı Qüvvələrimizin inkişafındakı xidmətlərindən danışıb. Prezidentin köməkçisi general-polkovnik Tofiq Ağahüseynovun respublikamızda veteran hərəkətinin inkişafına, veteranların hüquq və mənafelərinin təminatına, onların sosial müdafiəsinə mühüm töhfələrini qeyd edib. Diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin yanvarın 31-də imzaladığı sərəncamla Azərbaycanın ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynov ölkəmizdə veteranlara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.