...

VI Qlobal Bakı Forumu çərçivəsində gənclərin panel müzakirəsi keçirilib (FOTO)

Siyasət Materials 17 Mart 2018 15:22 (UTC +04:00)
VI Qlobal Bakı Forumu çərçivəsində "Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik" mövzusunda gənc liderlərin müzakirəsi keçirilib.
VI Qlobal Bakı Forumu çərçivəsində gənclərin panel müzakirəsi keçirilib (FOTO)

Bakı. Trend:

VI Qlobal Bakı Forumu çərçivəsində "Nəsillər arasındakı boşluqlar: Gənclər danışır, biz dinləyirik" mövzusunda gənc liderlərin müzakirəsi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclasa Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko moderatorluq edib. Mövzusunun aktuallığından, gənclərin cəmiyyətdə fəallığından danışan Katerina Yuşenko bildirib ki, yaşlı nəsildən fərqli olaraq gənclər daha fəal, sosial mediada daha fərqlidir, onlar tənqidi düşünə bilir: “Onların təhsil sistemi də fərqlidir, habelə səyahət etmək üçün daha çox imkanları var. Gənclər dünya və cəmiyyətə daha çox meyil edirlər. Təsadüfi deyil ki, yaşlı nəsil onlara baxıb daha fərqli olmağa çalışır”.

Panel iclasda inklüziya və eksklüziya, texnologiya və idarəetmə, gənclərin müxtəlif sahələrdə təmsilçiliyi məsələləri müzakirə edilib. Gənc liderlər Forum iştirakçıları ilə birlikdə qlobal boşluqlar barədə sual-cavab şəklində fikirlərini bölüşüblər. Qeyd edilib ki, eksklüziyanı öyrənmək üçün ayrıca təhsil lazım deyil. Belə ki, bu gün dünyada müxtəlif ölkələrdə irqi, dini, milli, gender, məişət zorakılığı, miqrasiya, əlillik və digər məsələlərlə bağlı ayrı-seçkilik halları müşahidə edilir. İnsanlar cəmiyyətdə ortaq cəhətlər baxımından birləşməli, fərqli cəhətləri isə öyrənməlidir. Habelə sosial modellik, iqtisadi gəlirin təkrar bölgüsü məsələlərinə yenidən baxılsa, daha faydalı olar. Elə bir dünyada yaşamalıyıq ki, hər kəs özünü öz ölkəsində əmin-aman hiss etsin. İnklüziya təşviq edilməli, təcrid etmə halları aradan qaldırılmalıdır.

Texnologiya və idarəetmə məsələsi ilə bağlı çıxış edən gənc liderlərin fikrincə, bu iki məsələ bir-biri ilə sıx bağlıdır. Belə ki, texnologiya hökumətlərin daha effektiv, innovativ olmasına kömək edər, dəqiqliyi təmin edər. Habelə bu texnologiyalardan istifadə edilməsi üçün işçi qüvvəsi yaradılmalı, iqtisadi dəyişiklik, o cümlədən işsizliyin aradan qaldırılması məsələsinə diqqət yetirilməlidir. Tədqiqatçı kimi düşünməyi erkən yaşdan təbliğ etmək lazımdır. Vurğulanıb ki, sosial mediadan daha çox informasiyanın əldə edilməsi üçün istifadə edilərsə, bu, hökumətlə cəmiyyət arasında boşluğu aradan qaldıra bilər. Eyni zamanda, sosial mediadan yalan xəbərlərin yayılması halları nəzərdən qaçırılmamalı, onların qarşısının alınmasında fəallıq göstərilməlidir.

Gənclərin proseslərə cəlb olunması və təmsilçiliyi məsələləri ilə bağlı çıxışlarda gənc zəkaların cəmiyyət həyatında müxtəlif sahələrə, o cümlədən siyasi proseslərə, ekoloji, iqtisadi, səhiyyə və digər sahələrə cəlb edilməsinin, onlar üçün imkanlar yaradılmasının aktuallığı vurğulanıb. Cəmiyyətin demokratikləşdirilməsində gənclərin rolu qeyd edilib. Boşluqların aradan qaldırılmasında gənclər təşkilatlarının fəaliyyətinin əhəmiyyəti bildirilib.

Çıxışlarda qeyd olunan problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın müsbət təcrübəsi diqqətə çatdırılıb.

Sonda bu gün dünyada gənclərin proseslərə cəlb edilməsində mövcud olan boşluğun doldurulması məsələsinin mümkünlüyü bildirilib.

Forum panel iclaslarla davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti