...

Nazir: Fələstin Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir

Siyasət Materials 6 Aprel 2018 19:01 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Fələstinin xarici işlər naziri Riad Malkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir: Fələstin Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir

Bakı. Trend:

Milli Məclisin sədri Oqtay Əsədov Fələstinin xarici işlər naziri Riad Malkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, görüşdə sədr bildirib ki, dost ölkələr olan Azərbaycanla Fələstin arasında bu cür görüşlər münasibətlərimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Spiker qonağın dördüncü dəfə nazir qismində ölkəmizə səfər etdiyini vurğulayaraq, onun Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında iştirakını yüksək dəyərləndirib. Bildirilib ki, Azərbaycan və Fələstin xalqları arasındakı əlaqələr qədim tarixi olan qardaşlığa, ortaq dini və mədəni köklərə söykənir. Məhz belə möhkəm təməllər üzərində qurulan münasibətlərimizin davamlı şəkildə inkişafı anlaşılandır.

Azərbaycan xalqı və hökuməti həmişə Fələstin xalqına siyasi və iqtisadi dəstək vermiş və gələcəkdə də bu dəstəyi davam etdirmək niyyətindədir. Beynəlxalq təşkilatlar – BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində Fələstinin mənafeyinə uyğun qərarların qəbul olunmasında Azərbaycan həmişə Fələstinin ədalətli mövqeyini müdafiə edib.

Torpaqları işğal altında olan Azərbaycan regional münaqişəyə cəlb olunmuş tərəf kimi Fələstinin problemlərinin yaxşı başa düşür və Yaxın Şərq məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun həllinə tərəfdardır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Riad Malki Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında iştirakından və səfər çərçivəsində keçirdiyi görüşlərdən danışıb. Bildirilib ki, mötəbər təşkilatlar çərçivəsində nümayəndə heyətlərinin mütəmadi görüşləri onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir.

Qonaq Prezident İlham Əliyevlə görüşünü yüksək qiymətləndirərək, Azərbaycan dövlət başçısının İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında nümayiş etdirdiyi cəsarətli mövqeyinə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, onun təmsil etdiyi dövlət Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük əhəmiyyət verir.

R.Malki Azərbaycanın qarşılaşdığı Dağlıq Qarabağ problemi ilə bağlı bildirib ki, Fələstin dövləti və xalqı bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.

Qəbulda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti