...

Özbəkistanda yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak edir

Siyasət Materials 11 Aprel 2018 13:06 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 11-də Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibindəki 44 saylı seçki məntəqəsində səsvermə başlayıb.

Trend-in AZƏRTAC-a istinadən məlumatına görə, əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları və onların ailə üzvləri səs veriblər.

Səfir bildirib ki, Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçki siyahısında səsvermə hüququ və konsulluq qeydiyyatında olan 152 Azərbaycan vətəndaşının adı var. Bu gün Özbəkistanda ezamiyyətdə olan vətəndaşlarımız da qanunvericiliyə uyğun olaraq səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti