...

Demokratik İslahatlar Partiyası: Seçkilərdə müsbət irəliləyişlər müşahidə olunub

Siyasət Materials 12 Aprel 2018 13:32 (UTC +04:00)
DİP prezident seçkilərinə dair muşahidələrin nəticələrini açıqlayıb.
Demokratik İslahatlar Partiyası: Seçkilərdə müsbət irəliləyişlər müşahidə olunub

Bakı. Trend:

Demokratik İslahatlar Partiyası (DİP) 11 aprel Azərbaycan prezidenti seçkiləri ilə bağlı müşahidələrinin nəticələrini açıqlayıb.

Trend-in məlumatına görə, Demokratik İslahatlar Partiyasının bəyanatında deyilir ki, DİP-dən olan müşahidəçilər ölkə üzrə 125 seçki dairəsini və müvafiq olaraq 1000-dək seçki məntəqəsini əhatə ediblər: "Onların verdiyi məlumatlara görə, namizədlərin qeydə alınması prosesində hər hansı qanun pozuntusu müşahidə olunmayıb. Bütün namizədlərə elektron və çap kütləvi informasiya vasitələrinə çıxış imkanları yaradılıb. Siyasi qüvvələrin sərbəst toplaşmaq hüququ məhdudlaşdırılmayıb. MSK-nın seçkiləri yüksək səviyyədə təşkil etməsi, seçki maarifləndirməsi sahəsində gördüyü işlər, məntəqələrə müşahidə kameralarının yerləşdirilməsi, seçki günü ictimaiyyətin operativ şəkildə nəticələrlə bağlı məlumatlandırılması, KİV-ə, qeyri-hökumət təşkilatlarına, siyasi partiyalara, beynəlxalq təşkilatların nümayəndələrinə seçkiləri müşahidə etmək üçün normal şəraitin yaradılması təqdirəlayiqdir".

Qeyd olunur ki, ümumilikdə seçki prosesində, eləcə də səsvermə zamanı hər hansı qanun pozuntuları, seçicilərlə seçki komissiyalarının üzvləri arasında gərginlik müşahidə olunmayıb: "11 aprel seçkiləri şəffaf və demokratik qaydalara uyğun şəraitdə keçib. Seçicilərə öz iradəsini sərbəst şəkildə ifadə etmək üçün lazımi şərait yaradılıb, seçici fəallığı aşkar hiss olunub. Təqdirəlayiq haldır ki, ölkəmizin diplomatik nümayəndəliklərinin səfirlik və konsulluqlarda müvafiq seçki komissiyaları yaratması nəticəsində bütün dünyadakı azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti seçkilərində iştirak etmək imkanı qazanıblar".

Bildirilir ki, DİP-in müşahidəçilərinin qeydləri və əldə edilən yekun protokolların nəticələri MSK İnformasiya Mərkəzinin elan etdiyi nəticələrlə üst-üstə düşür.

Bəyanatda deyilir ki, müşahidəçilər seçki prosesdə ciddi qüsurlar, qeyri-qanuni hallar müşahidə etməyiblər: "Ümumilikdə bu seçkilərdə ölkədə keçirilən əvvəlki seçkilərlə müqayisədə müsbət irəliləyişlər müşahidə olunub”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti