...

Efiopiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Siyasət Materials 25 May 2018 13:02 (UTC +04:00)
Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi tərəfindən paytaxt Əddis-Əbəbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi ziyafət təşkil olunub.
Efiopiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfirliyi tərəfindən paytaxt Əddis-Əbəbədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş rəsmi ziyafət təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, rəsmi ziyafətdə Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən sabiq baş nazirin müşaviri Fasil Nahom, Afrika İttifaqı Komissiyasının rəsmiləri, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və diplomatlar, ölkənin aparıcı media nümayəndələri, digər beynəlxalq təşkilatların təmsilçiləri, yerli iş adamları və ölkəmizin ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər.

Ziyafət iştirakçıları ilk öncə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto materiallardan ibarət sərgi ilə tanış olublar. Xalq Cümhuriyyətinin təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini və digər tarixi fotoşəkillərini əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən səfir E.Abdullayev dünyanın hər yerində azərbaycanlıların 28 May Günü Respublika Günü kimi qeyd etdiklərini bildirərək, Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququnun dünyanın bir çox dövlətlərdən öncə verildiyini və müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu vurğulayıb. Həmçinin səfir E.Abdullayev Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq, bir çox uğurlara imza atdığını ziyafət iştirakçıların diqqətinə çatdırıb.

Səfir E.Abdullayev çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirdiyini qeyd edərək, Azərbaycanın 20% torpaqlarını hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 Qətnaməsinin tələblərini yerinə yetirmədiyini və 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına dönə bilmədiklərini qeyd edib.

Səfir E.Abdullayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu və müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında məlumat verib.

Ziyafət zamanı çıxış edən Efiopiyanın sabiq Baş nazirinin müşaviri Fasil Nahom bu gün Azərbaycan ilə Efiopiya arasında münasibətlərin sürətli şəkildə inkişaf etdiyini və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət ölkəmizdən gələn sənətçilərin ifasında musiqi proqramı ilə davam edib.

Tədbir çərçivəsində ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdən bəhs edən video çarx nümayiş olunub.

Tədbir zamanı milli mətbəximizin təamları ziyafət iştirakçılarına təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti