...

Azərbaycan XİN Gəncədə polislərin qətlə yetirilməsini pisləyib: Bəzi qüvvələr ölkədə sabitliyi pozmaq istəyir

Siyasət Materials 11 İyul 2018 10:34 (UTC +04:00)
Azərbaycan XİN Gəncədə polislərin qətlə yetirilməsini pisləyib.
Azərbaycan XİN Gəncədə polislərin qətlə yetirilməsini pisləyib: Bəzi qüvvələr ölkədə sabitliyi pozmaq istəyir

Bakı. Samir Əli - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gəncə şəhərində polislərin qətlə yetirilməsini pisləyib.

Trend-in məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mətbuat konfransında bildirib ki, Azərbaycanın inkişafı Ermənistanla yanaşı, bəzi qüvvələri də narahat edir.

O qeyd edib ki, həmin destruktiv qüvvələr, Azəbaycandakı inkişaf və sabitlikdən narahat olan qüvvələr ölkədə sabitliyi pozmaq istəyir:

"Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən parad Ermənistan və digər deskruktiv qüvvələri narahat edib. Amma həmin qüvvələr bilməlidir ki, bu cür təxribatlara cəhd edərkən onlar öz qarşılarında Azərbaycan dövlətini görəcəklər.

Biz Gəncə gənclərinə müraciət edirik. Onlar vətənpərvərlikləri ilə seçilməli, həmrəylik nümayiş etdirməlidir. Hadisə nəticəsində həlak olan polis zabitlərinin ailəsinə başsağlığı veririk!"

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti