...

Bəhruz Quliyev: Merkelin Azərbaycana səfəri iki ölkə münasibətlərini daha da inkişaf etdirəcək

Siyasət Materials 24 Avqust 2018 15:06 (UTC +04:00)
Almaniyanın kansleri Angela Merkelin Azərbaycana gözlənilən səfəri bir sıra əhəmiyyəti ilə seçilir.
Bəhruz Quliyev: Merkelin Azərbaycana səfəri iki ölkə  münasibətlərini daha da inkişaf etdirəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Almaniya Kansleri Angela Merkelin Azərbaycana gözlənilən səfəri bir sıra əhəmiyyətli məqamları ilə seçilir.

Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibət bildirərkən deyib.

Ekspertin sözlərinə görə, Almaniyanın Avropa İttifaqının (Aİ) lider ölkələrindən olduğu nəzərə alınsa, belə qənaətə gəlmək olar ki, xanım A.Merkel Azərbaycanla daha sıx əməkdaşlıqda həm Almaniyanın, həm də Aİ-nin maraqlarını ifadə edəcək:

"Almaniya ilə Azərbaycan arasındakı əməkdaşlıq, o cümlədən, Avropa ilə beynəlxalq münasibətlərin qurulması bir sıra tarixi aspektlərlə əsaslandırıla bilər. Hələ ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk dövrlərində bu istiqamətdə əsaslı addımlar atılmışdı. Buna misal olaraq, biz müxtəlif illərdə imzalanmış “Azərbaycan Respublikası hökuməti və Almaniya Federativ Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında”, “İnvestisiyaların təşviqi və qorunması haqqında”, “Mədəni əməkdaşlıq haqqında”, “Hava daşımaları haqqında”, “Bakı hava limanı: təcili yardım” layihəsi üzrə növbəti maliyyə əməkdaşlığı barədə”, “Tədqiqatlar və mütəxəssislər fondunun yaradılması haqqında” və digər hökumətlərarası sazişləri göstərə bilərik. Bu gün bu əməkdaşlıq və yaxınlıq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

B.Quliyev bildirib ki, ümumiyyətlə, bu gün Almaniya Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biridir:

"Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunun həcminə görə Almaniya şirkətləri qabaqcıl mövqeyə malikdir. “Volkswagen”, “Mannesmann-Demag”, “Siemens” və “Wirtgen” kimi nüfuzlu şirkətlər Azərbaycandakı fəaliyyətlərində ciddi uğurlar qazanıblar. Bütün bunlarla yanaşı, qeyd edə bilərəm ki, hazırda ölkələrimiz arasında 3 milyard avroya yaxın ticarət mübadiləsi mövcuddur. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq Tərəfdaşlığı” proqramında mühüm rol oynayır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində, ölkəmizdə infrastruktur layihələrinin icrasında Almaniyanın yeni şirkətləri də iştirak etməkdə daim maraqlı olduqlarını gizlətməyiblər, bu istiqamətdə davamlı işlər aparılıb”.

Siyasi ekspert hesab edir ki, bəzi siyasi dairələrin Almaniya Kanslerinin Azərbaycanda keçirdiyi görüşlərdə “siyasi məhbus”, yaxud insan haqları kontekstindən çıxış edəcəyini bildirmələri əsassız və reallığa bağlı olmayan iddialardır: “Çünki bu gün Azərbaycanda heç kim siyasi baxışlarına görə təqib olunmur. Azərbaycan hüquqi dövlətdir və qanunları pozan insanlar məhz qanunlar qarşısında da cavab verirlər. Ona görə də bənzər iddialar sadəcə, qaranlıq niyyətlərin məhsulu olaraq görülə bilər”.

Almaniya dövlətinin beynəlxalq və regional təşkilatlarda, eyni zamanda maliyyə qurumlarında həlledici səs hüququna malik olduğunu deyən B.Quliyev onu da deyib ki, bu ölkənin Avropadakı siyasi çəkisi hər zaman özünü göstərib:

“Almaniya hökumətinin razılığı olmadan Aİ, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Əgər rəsmi Bakı rəsmi Berlinlə əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atırsa, demək ki, həmin əməkdaşlığın Avropaya da sirayət etməsi mütləqdir. Əbəs deyil ki, Prezident İlham Əliyevin müxtəlif vaxtlarda Almaniya Federativ Respublikasına işgüzar səfərləri bilavasitə ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olmasını təmin edib və etməkdədir”.

B.Quliyev A.Merkelin Bakıya səfərinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə təsirindən də danışıb:

"Almaniyanın danışıqlar prosesində vasitəçi olaraq çıxış etmək təklifləri dəfələrlə səsləndirilib və rəsmi Bakı bu təkliflərə birmənalı olaraq dəstək göstərib. Təəssüf ki, danışıqlar prosesində heç bir irəliləyiş yoxdur və təbii olaraq, Almaniya vasitəçiliyini təqdim etməklə, bu yöndə təşəbbüskar ölkə olaraq çıxış etmək niyyətini ortaya qoymaqla bir daha sübut edir ki, Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın, təhlükəsizliyin tərəfdarıdır. Almaniya Kanslerinin Azərbaycana səfərinə bu prizmadan yaxınlaşsaq, Merkelin bölgəyə səfərinin münaqişənin həllinə mühüm töhfə verəcəyini də istisna edə bilmərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti